“Pakistan ABŞ ilə İran arasında yenidən vasitəçilik missiyasını yerinə yetirir. Vaşinqton 40 günlük müharibə zamanı İranla memorandum imzalanmasında israrlı idi və Tehranla əməkdaşlığa açıq yanaşırdı”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, həmin memorandum layihəsində İran iqtisadiyyatının inkişafı üçün sanksiyaların aradan qaldırılması və Tehrana bir sıra güzəştlərin edilməsi nəzərdə tutulurdu.
“Tehrandakı hakimiyyət daha çox güzəşt əldə etmək məqsədilə atəşkəsi pozdu və müharibənin yenidən başlamasına səbəb oldu. Hazırda ABŞ İranla danışıqlarda maraqlı görünmür. Buna baxmayaraq, Tehran Vaşinqtonla yenidən danışıqlara başlamaq üçün cəhdlər edir. İranın daxili işlər nazirinin Pakistana səfəri də bunun göstəricisidir.
Qeyd edim ki, Donald Tramp və onun administrasiyası Tehrana bir dəfə güzəşt etdi. Lakin hazırkı mərhələdə ABŞ İranın hərbi və iqtisadi infrastrukturunu zəiflətmək məqsədilə təzyiq siyasətini davam etdirir.
Vaşinqtonun əsas məqsədi İran iqtisadiyyatını sarsıtmaq, hakimiyyət daxilində qarışıqlıq yaratmaq və Tehranı strateji böhranla üz-üzə qoymaqdır.
ABŞ ilə İran arasında danışıqlar yenidən baş tutarsa, yeni memorandumda Donald Trampın İrana əvvəlki kimi güzəştlər etməsi gözlənilmir”, – deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.
Firuzə












