“Referendum parlament seçkilərindən sonra, hakimiyyət mövqeyini gücləndirə bilər” -SİYASİ ŞƏRHÇİ

 Ermənistanın ədliyyə naziri Srbuhi Qalýan bildirib ki, Ermənistanın yeni Konstitusiyası 2026-cı ilin martında hazır olacaq.

O, bildirib ki, ölkənin yeni Konstitusiyasının mətninin 2026-cı ilin mart ayına qədər hazırlanması planlaşdırılır.

Maraqlıdır, yeni konstitusiyanın mart ayına qədər hazırlanması Ermənistan üçün nə kimi nəticələr verə bilər?

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:

“Referendum konstitusiya layihəsi hazırlandıqdan sonra ənənəvi olaraq ümumxalq müzakirəsinə çıxarılır. Bu mərhələdə siyasi partiyalar, ictimai təşkilatlar, hərəkatlar və vətəndaşlar sənədi müzakirə edir.

Yeni konstitusiyanın cəmiyyətdə təbliği də bu mərhələnin əsas məqsədidir. Ona görə də kampaniyanın parlament seçkilərindən əvvəl aparılması həm məntiqli, həm də mümkündür. Bu mərhələdən sonra isə növbəti addım parlament seçkiləridir.

Parlament seçkilərindən sonra isə konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi istisna edilmir. Hətta referendum eyni gündə parlament seçkiləri ilə birləşdirilə bilər”.

Sədrəddin Soltanın fikrincə, vəziyyətin qarışıq olmaması və siyasi gərginliyin artmaması üçün Paşinyan hakimiyyətinin parlament seçkilərində qalib gəlməsindən sonra referendumu keçirməsi daha məqsədəuyğun görünür.

O, qeyd edib ki, bu addım həm də hakimiyyətin mövqeyini gücləndirərək ölkədəki mövcud gücünü sübut etməyə xidmət edə bilər:

“Buna görə də, referendumun daha çox parlament seçkilərindən sonra keçiriləcəyi ehtimal olunur”.

 

Şəbnəm 

Gununsesi.info