Putindən sonra Rusiyanı kim idarə edəcək?

  • By Admin2
  • 14 İyul 2026 14:37

Çin hakimiyyəti Rusiyada hakimiyyət dəyişikliyindən sonrakı dövr üçün səssiz hazırlıqlara başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Rusiya və Çin rəsmiləri, eləcə də analitiklərlə söhbətlərə əsaslanaraq yazıb.

Məlumata görə, Vladimir Putinin Qərblə münasibətləri kəskin şəkildə pisləşdirməsindən sonra Rusiya getdikcə Çinin kiçik tərəfdaşına çevrilib. Nəşr iddia edir ki, Pekin ehtiyatlı və açıq görünməyən üsullarla Moskvanın siyasətinə təsir göstərməyə çalışır.

Bildirilir ki, Çin yalnız Putin və onun yaxın ətrafı ilə kifayətlənmir. Pekin eyni zamanda gələcəkdə Rusiyanın siyasi kursunu müəyyən edə biləcək məmurlar, regional rəhbərlər və elita nümayəndələri ilə əlaqələr qurur.

Məqalədə qeyd olunur ki, Rusiyada son illər Çin kəşfiyyatının fəaliyyəti və orta səviyyəli məmurların əməkdaşlığa cəlb olunması ilə bağlı hallar daha çox qeydə alınır. Lakin Moskva Pekinlə münasibətləri korlamamaq üçün bu məlumatları ictimailəşdirməyə tələsmir.

Analitiklərin fikrincə, Rusiyada formalaşmış anti-Qərb əhvali-ruhiyyəsi Putin hakimiyyətdən getsə belə uzun müddət qalacaq və bu, Çinin ölkə üzərində təsir imkanlarını genişləndirə bilər.

Nəşr yazır ki, Çin uzunmüddətli strategiya həyata keçirərək Moskvanı öz maraqlarına uyğun qərarlar qəbul etməyə sövq edir və gələcək onilliklər üçün təsir mexanizmləri formalaşdırır.

Məqalədə Mərkəzi Asiya məsələsinə də toxunulur. Bildirilir ki, Rusiya uzun illər bu regionda Çin təsirinin artmasına qarşı çıxsa da, son dövrdə mövqeyini yumşaltmağa məcbur olub.

“The Wall Street Journal”ın məlumatına görə, Çin lideri Si Cinpin son bir ildə Putindən mühüm güzəşt əldə edib. Belə ki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankında yuanın əsas valyutaya çevrilməsi ideyasına əvvəlki etirazlarını geri çəkib.

Mənbələrin iddiasına görə, maliyyə təcridi və sanksiyalar Rusiyanı mövqeyini dəyişməyə vadar edib. Moskva indi banka qoşulmağa hazır olduğunu bildirir və bunun müqabilində qurumun fəaliyyətinin Qərb sanksiyalarından kənarda qalmasına təminat istəyir.

Gununsesi.info