Qarabağda tikinti layihələrində qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib

  • Müəllif: Orxan
  • 27 Aprel 2026 17:24

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərtac-a müsahibəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti və bərpa layihələri ilə bağlı bəzi ciddi nöqsanları açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, bir sıra hallarda ayrılmış büdcə vəsaitlərindən qənaətli və səmərəli istifadə prinsiplərinə tam əməl olunmayıb.

Sədrin sözlərinə görə, əslində kommersiya subyektləri tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan bazar kompleksi, məişət xidməti obyektləri, market və ticarət binalarının tikintisi dövlət büdcəsi hesabına həyata keçirilib. Bu isə sosial xarakter daşımayan xərclərin dövlət vəsaiti ilə qarşılanmasına səbəb olub. Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmanın təmin edilmədiyi də vurğulanıb.

Gülməmmədov əlavə edib ki, “Qarabağa qayıdış” proqramı çərçivəsində yaşayış məntəqələrinin planlaşdırılması zamanı təbii relyefin tam nəzərə alınmaması əlavə xərclər yaradıb.

Şaquli planlaşdırmada tökmə torpaqdan istifadənin artması, həmçinin əsaslandırılmamış şəkildə torpaq kütləsinin çıxarılması və yenidən doldurulması büdcəyə əlavə yük gətirib.

Gununsesi.info