Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli palma yağı ilə bağlı ictimaiyyətdə yanlış təsəvvürlərin formalaşdığını bildirib.
O qeyd edib ki, cəmiyyətdə palma yağının digər bitki yağları ilə müqayisədə daha təhlükəli olması barədə fikir yayılıb, lakin bu yanaşma doğru deyil.
Bəs bu məsələyə münasibət necədir?
Gununsesi.info -ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qida məqsədilə istifadə olunan palma yağı normal bitki yağıdır:

“Palma yağının iki növü var. Biri onun çəyirdəyindən, digəri isə meyvəsinin lətindən alınır. Meyvənin lətindən alınan palma yağı qida üçün tam yararlı bitki yağıdır.
Çəyirdəyindən alınan palma yağı isə sənayedə istifadə olunur. Azad İstehlakçılar Birliyi bu məsələni çox araşdırıb. Məlum olub ki, palma yağı Malayziya və İndoneziya kimi müsəlman ölkələrində istifadə olunmaqla dünya yağ bazarında qiymət disbalansı yarada bildiyi üçün, xüsusilə MDB məkanında və Avropada ona qarşı media basqısı var.
Yəni, qida üçün istifadə olunan palma yağı normal yağdır. Qoşqar müəllimin fikri ilə tam razıyam. Məsələn, inkişaf etmiş ölkələrin marketlərindən palma yağı olan məhsullar alıb gətirmişəm, ofisimizdə də var.
Yəni, qida üçün olan palma yağı normal yağdır. Bu, doğru fikirdir. Təəssüf ki, Azərbaycana bu qədər palma yağı daxil olsa da, onun qidada istifadə olunan növü məhsulların üzərində göstərilmir. Biz bunun tərəfdarıyıq ki, bunlar mütləq yazılsın”.
Eyyub Hüseynov onu da qeyd edib ki, hətta Avstriyada istehsal olunan körpə qidalarının tərkibində də palma yağı olur və bu, məhsulun üzərində göstərilir:
“Bu, normal bir yağdır. Sadəcə olaraq, dediyim kimi, həmin ölkələrdə digər yağ istehsalçıları ona qarşı basqı aparırlar.
Hazırda isə Amerikada və bəzi Avropa ölkələrində başqa bir iddia irəli sürürlər. Deyirlər ki, palma plantasiyaları üçün meşələr qırılır. Halbuki mən özüm Malayziyada olmuşam. Əkilən palma plantasiyalarında meşələr yenidən bərpa olunur.
Orada meşələrin qırılması baş vermir. Çünki bu məhsul həmin ölkələrin yaşaması üçün vacibdir. Yəni, bu iddialar da mənə görə yersizdir.
Qoşqar Təhməzlinin fikri ilə tam razıyam”.
Şəbnəm Rəhimova












