Şəhid ailələri və qazilər də bu şöbədə işə götürülməlidir – MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 08 Yanvar 2021 12:15

İkinci Qarabağ savaşından qayıdan hərbçilərimizin sosial təminatı, statusları ilə bağlı bir sıra problemlər yaranıb.

Belə ki, sosial şəbəkələrdə və mediada yazılanlara görə, müharibədən geri dönən şəxslər dövlətin onlara verməli olduğu imtiyazlardan istifadə etmək üçün sənədləşmə prosesində suni maneələrlə qarşılaşır.

Hətta bir sıra qurumlar ayağı sarğıda olan qaziyə hərbi hissəyə gedib, müvafiq sənəd gətirməli olduğunu tələb edir.

Bu günlərdə Müdafiə Nazirliyi qarşısındakı aksiya da bu problemlərin ciddi olduğunu göstərdi.

Problemlər sırasında adların verilməsi və əlilliyin təyin edilməsi və s. özünü daha çox göstərir.

Bu və buna bənzər problemlərin həlli üçün isə  bir neçə gün öncə  “Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə” dəyişiklik edilməsi ilə əlaqədar dövlət başçısı Fərman imzalayıb.

Sənədə əsasən, respublikanın rayon İcra Hakimiyyətlərində xüsusi bir strukturun, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulmuşdur.

Milli Məclisin deputatı  Məlahət İbrahimqızı  məsələ ilə bağlı Gununsesi.org-un sorğusuna cavab olaraq bildirib ki, əslində, belə bir dövlət qurmunun – Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması günün tələbindən irəli gəlib.

Deputatın sözlərinə görə, bənzər problemlərin həlli üçün bir neçə gün öncə  “Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə” dəyişiklik edilməsi ilə əlaqədar dövlət başçısının verdiyi  fərmana əsasən, respublikanın rayon İcra Hakimiyyətlərində xüsusi bir strukturun-  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulmuşdur.

Məlahət İbrahimqızı söyləyib ki, belə bir dövlət qurumunun yaranması bir daha göstərir ki, 1 -ci və 2-ci Qarabağ müharibəsinin iştirakçılarının və şəhid ailələrinin problemlərinin instutlaşmış bir formada İcra hakimiyyətlərinin xüsusi bir şöbəsində həll olunacaq.

“Həqiqətən də, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin bəzi problemləri var kı, institutsional mexanizmin olmamasından, bu problemlərin həllində süründürməçilik və bürokratik əngəllik yaradırdı. İcra hakimiyyətlərində yaradılacaq bu şöbədə əhalimizin bu qrup təbəqəsinin problemləri sistemli, planlı və mütəşəkkil şəkildə həll olunacaq”.

İmzalanmış fərmanın ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini bildirən xanım deputat söyləyib ki,  gələcəkdə bu şöbələrin təşkilində ixtisaslı dövlət qulluğu imtahanını vermiş Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin  üzvləri cəlb edilməlidir.

”Hesab edirəm ki, bu şöbəyə işə qəbul prosesində vətən müharibəsi iştirakçılarına üstünlük verilməlidir. Belə olan halda prosesin şəffaflığı da təmin edilmiş olar”.

Gununsesi.org