Siyavuş Novruzov: Mədəni adam məsciddə donuz saxlamaz, Bütün dünya bunu görsün!”

  • By admin
  • 26 Dekabr 2020 21:52

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edərək böyük qələbə qazandı. Xalqımız və dövlətimiz 44 günlük müharibə zamanı “dəmir yumruq” ilə işğalçıların, erməni faşizminin başını əzdi.

 

Eyni zamanda, müharibə zamanı və ondan sonra Azərbaycan həqiqətləri dünyaya çatdırıldı, erməni yalanları, Ermənistanın hərbi cinayətləri ifşa olundu. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin təşkilatçılığı və müşayiəti ilə xarici jurnalistlərin, diplomatik nümayəndələrin, beynəlxalq təşkilatların təmsilçilərinin Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə erməni vandalizminin nəticələri ilə tanış olmaları da çox əhəmiyyətlidir. Həmçinin onların ayrı-ayrı televiziya kanallarına müsahibələrdə təəssüratlarını aydın ifadə etmələri böyük önəmə malikdir.

 

Bütün bunlara baxmayaraq, bəzi ölkələrdə Azərbaycana qarşı qərəzli sənəd qəbul etmək cəhdləri müşahidə edilir. Bəzi təşkilatlar isə susqunluq nümayiş etdirməyə, beləliklə də, erməni faşistlərinin cinayət əməllərini gizlətməyə çalışırlar. Prezident İlham Əliyev Zəngilan və Qubadlı rayonlarına səfərləri zamanı UNESCO və Avropa Şurası kimi təşkilatların səssiz qalmaları məsələlərinə də toxundu. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir: “Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl, gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün!”.

 

Bu baxımdan, işğaldan azad olunmuş torpaqlarımızda bərpa işləri başlayana qədər pandemiya şəraiti nəzərə alınmaqla bunu faktlaşdırmaq lazımdır. Bunun üçün isə xarici jurnalistləri, fotoqrafları, rejissorları, ssenaristləri çağırmalıyıq. Eyni zamanda, parlament səviyyəsində də iş davam etdirilməlidir. Ayrı-ayrı ölkələrin parlamentarilərinin, dostluq qruplarının üzvlərini və beynəlxalq təşkilatların nümayəndələrini ölkəmizə dəvət olunması, onların işğaldan azad etdiyimiz əzəli torpaqlarımızda cinayətkar erməni faşistlərinin əməlləri ilə tanış edilməsi çox vacibdir. Özü də, bunu Milli Məclisin ezamiyyət üçün nəzərdə tutulmuş vəsaiti hesabına təmin etmək lazımdır. Bəzi şəxslərin fərdi vəsaitləri hesabına belə səfərlərin təşkil olunması sonradan anti-Azərbaycan əhvalında olan qüvvələr tərəfindən başqa cür təqdim oluna bilər. Bu isə ölkəmizin qərəzli fikirlərə, böhtanlara və qarayaxma kampaniyalarına məruz qalmasına səbəb olar.

 

Eyni zamanda, yerli televiziya kanallarımızda bəzi şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının məişət şəraitinin ürəkaçan olmadığı göstərilir. Sosial müdafiəyə ehtiyacı olan bu cür insanların rifahı ilə bağlı addımların atılması çox vacibdir. Elə Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, qazilərə, müharibə veteranlarına da eyni diqqətin göstərilməsinə, onların müavinətlərinə müəyyən dərəcədə artırılmasına ehtiyac var.

 

Qeyd edim ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın qətiyyəti, cəsarəti, yüksəksəviyyəli təşkilatçılığı, Ordumuzun yüksək silah təchizatı, döyüş qabiliyyəti, həmçinin xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin etdi. Birinci Qarabağ savaşında isə nə güclü ordu, nə silah-sursat, nə də prosesləri idarə edə bilən dövlət başçısı, Ali Baş Komandan və müdafiə naziri var idi. Lakin 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ savaşında da döyüşənlər öz rəşadətləri ilə fərqləndilər, böyük qəhrəmanlıq göstərdilər. Xalqımızın mərdliyini, Vətən sevgisini bütün dünyaya sübut etdilər. Bu baxımdan, onların da mütəmadi olaraq diqqət mərkəzində saxlanılması təqdirəlayiqdir.

 

Siyavuş  Novruzov,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

 

Gununsesi.info