“Sülh müqaviləsi imzalanmasa, Ermənistan yenə dalan və təcrid edilmiş ölkə kimi qalacaq” - RƏY + FOTO

“Minsk qrupuna fəaliyyətini başa çatdırıb demək düzgün olmaz, çünki bu təşkilat yaranandan ölü doğulub”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, təşkilat müharibəyə qədər olan illiklər ərzində Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı idi:

“Lakin bu illər ərzində Minsk qrupu öhdəliyində olan işlə məşğul deyildi. İndi təsəvvür edin problem həll olunub, 44 günlük müharibə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda Minsk qrupu yuxudan oyanıb ki, mən də varam. Həqiqətən çox təəccüblüdür. Yəni, lazım olan vaxtda bu təşkilat heç bir iş görmədi, daha doğrusu, görmək istəmədi. Biz anlamağa çalışırıq ki, bunlar indi nəyə töhfə vermək istəyir?! Minsk qrupuna üzv dövlətlərin bəziləri öz maraqlarından çıxış edərək Azərbaycanın maraqlarını kənara atırlar. Biz isə ilk növbədə öz maraqlarımız haqqında fikirləşməliyik. Hansı ki, artıq həmin maraqları öz gücümüz hesabına təmin etmişik. Biz Qafqazda dayanıqlı sülhün olmasının tərəfdarıyıq və Azərbaycan öz əməli ilə bunu dəfələrlə sübut edib. Məsələn, ABŞ və Fransa yenidən Minsk qrupu haqqında danışırlar. Lakin bilməlidirlər ki, bu təşkilat illər ərzində heç bir iş görmədən artıq tarixin arxivinə qarışıb”.

Deputatın sözlərinə görə, qrupun həmsədr ölkələrindən olan Rusiya etiraf edib ki, artıq Minsk qrupu yoxdur:

“Amma Fransa və ABŞ bunun əksini düşünür. Əgər bu gün Minsk qrupunun həmsədr dövlətləri arasında düşmənçilik münasibətləri mövcuddursa, onlar Azərbaycanın problemlərini necə həll edəcəklər?! Hansı ki, heç öz aralarındakı problemi həll edə bilmirlər. Ona görə bu cür təşəbbüslərin heç bir perspektivi yoxdur”.

Brüssel görüşündən danışan komitə sədri əlavə edib ki, burada artıq dördüncü dəfə görüş keçirilib:

“Azərbaycan tərəfi həmişə sözünün və əməlinin sahibi olub. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, biz sülhə hazırıq. Bu istəyimizlə əlaqədar beş prinsip irəli sürmüşük və həmin o beş şərti də Ermənistan qəbul edib. Amma təəssüflər olsun ki, həmişə Brüssel görüşlərindən sonra Ermənistan prosesi uzatmağa çalışır. Lakin tərəflər bu dəfə bir ay müddətində işçi qrupların yaradılması və həmin işçi qrupunun sülh müqaviləsinin mətninin hazırlanması üzərində fəaliyyətə başlaması barədə razılığa gəliblər. Ermənistan baş naziri Paşinyan da hökumətin iclasını keçirib və qeyd edib ki, o Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyir. Bəs bu bəyanatlar verilirsə, məsələni uzatmağa çalışmaq nə üçündür?!”

Z.Əsgərov vurğulayıb ki, bu sülh müqaviləsi əvvəl-axır imzalanacaq və bu, hər şeydən əvvəl Ermənistanın özü üçün lazımdır:

“Çünki sülh müqaviləsi imzalanmasa, Ermənistan yenə dalan və təcrid edilmiş ölkə kimi qalacaq. Belə olan halda Ermənistanın gələcəklə bağlı heç bir perspektivi yoxdur”.

Gununsesi.info