Sumqayıt şəhərində fəaliyyət göstərən xeyir-şər evlərinin bağlanması barədə yayılan məlumatlar əsassız çıxıb. Son günlər bəzi informasiya resurslarında bu məkanların fəaliyyətinin dayandırılması ilə bağlı iddialar yer alırdı.
Gununsesi.info xəbər verir ki, məsələyə aydınlıq gətirən Sumqayıt Şəhər İcra Hakimiyyəti bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Rəsmi qurumun açıqlamasına görə, şəhər ərazisindəki xeyir-şər evləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Sakinlərin bu cür dezinformasiyalara inanmaması tövsiyə olunur.
Məlumat üçün qeyd edək ki, şəhər ərazisində yerləşən xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılmışdır. Bu çərçivədə qaz sayğacları yenilənmiş, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilmişdir. Aparılan işlərlə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranmışdır.
Lakin hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sakinlərin müraciəti daxil olmamışdır. Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birgə araşdırılaraq aydınlıq gətiriləcəkdir.











