“Tərtər işi”ndə təqsirləndirilən generalın həbs müddəti uzadıldı

  • By admin
  • 28 Dekabr 2022 13:35

“Tərtər işi” ilə bağlı təqsirləndirilərək məsuliyyətə cəlb edilən general-mayor, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin sabiq rəisi Bəkir Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Gununsesi.info Trend-ə istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində general barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə istintaq orqanının vəsatəti təmin edilib və B.Orucov barəsində seçilən həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda onlar barəsində ibtidai istintaq davam edir.

Bu ilin sentyabr ayında isə iş üzrə daha üç nəfər – Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham olunurlar.

Gununsesi.info