“Prezident İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı qərarı bir neçə baxımdan müsbət nəticələr və perspektivlər vəd edir. Bu addım həm təhsil sisteminə, həm də cəmiyyətə təsir edə biləcək mühüm sosial-iqtisadi qərarlardandır”.
Bunu Gununsesi.info-ya açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib:

“Əsasən tələbələrin maddi rifahının yaxşılaşdırılmasından söhbət gedir. Təqaüdlərin artırılması tələbələrin gündəlik xərclərini – nəqliyyat, qidalanma və digər əsas ehtiyaclarını qarşılamalarını asanlaşdırır. Bu isə öz növbəsində onların təhsilə daha çox fokuslanmasına şərait yaradır. Eyni zamanda, bu qərar ailələrin maddi yükünün azalmasına kömək edir və xüsusilə regionlardan gəlib ali təhsil alan tələbələr üçün böyük əhəmiyyət daşıyır.
Təqaüdlərin artırılması təhsilə marağın artmasına səbəb ola bilər. Maddi dəstək tələbələrin həm təhsilə olan marağını, həm də davamiyyət səviyyəsini yüksəldir. Bu isə tələbələrin təhsildən yayınmadan daha çox dərslərinə fokuslanmasına imkan yaradır”.
Ekspertin fikrincə, bu qərar təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan və ya işləməyə məcbur olan tələbələrin azalmasına da kömək edə bilər:
“Bu da öz növbəsində akademik nəticələrin yaxşılaşmasına şərait yaradır. Maddi sıxıntıların azalması tələbələrin elmi tədqiqatlara, layihələrə və digər akademik fəaliyyətlərə daha aktiv şəkildə qatılmasına imkan verir. Bu qərar həm də sosial ədalətin və dövlət qayğısının bariz nümunəsidir. Yəni bu cür addımlar gənclərə və ümumilikdə cəmiyyətə dövlətin onlara verdiyi dəyəri nümayiş etdirir. Bu, gənclər arasında dövlətə inamı və bağlılığı gücləndirir.
Xüsusilə regionlarda, o cümlədən ucqar bölgələrdən gələn və aşağı gəlirli ailələrin övladları üçün təqaüdlərin artırılması daha çox hiss olunur. Bu isə regionlardan ali təhsilə marağı və axını təşviq edə bilər. Gənclərin daha keyfiyyətli təhsil alması gələcəkdə peşəkar və ixtisaslı kadrların formalaşmasına gətirib çıxaracaq. Bu isə ölkənin iqtisadi və sosial inkişafında həlledici rol oynaya bilər.
Eyni zamanda, bu addım beyin axınının qarşısının alınmasına da xidmət edir. Daxildəki imkanların yaxşılaşması bəzi tələbələrin xaricə getmək meylini azalda bilər. Beləliklə, daha çox gənc ölkəmizdə qalaraq təhsillərini davam etdirməyə və işləməyə üstünlük verəcək”.
R.Fikrətoğlu onu da vurğulayıb ki, bu proses, həmçinin elmin və innovasiyanın inkişafı üçün möhkəm bir baza formalaşdırır.

“Maddi dəstəyi olan tələbələr elmi araşdırmalara və startap layihələrinə daha çox vaxt ayıra bilərlər. Bu da Azərbaycanda innovativ düşüncənin inkişafına və texnoloji tərəqqinin təşviqinə mühüm töhfə verə bilər.
Eyni zamanda, bu qərar təqaüdlərin fərqləndirilməsi üçün baza formalaşdırır. Gələcəkdə təqaüdlərin yalnız sosial göstəricilər deyil, həm də akademik nəticələr əsasında – daha fərqli və ədalətli meyarlarla – verilməsi üçün imkan yarana bilər. Bu isə yüksək nəticələr göstərən tələbələrin daha yüksək təqaüdlərlə mükafatlandırılmasını təmin edəcək.
Hazırda mövcud olan adi, zərbəçi və əlaçı təqaüdləri də tələbələrin daha yaxşı nəticələr əldə etməsi üçün stimullaşdırıcı rol oynayır. Bu da onların daha çox səy göstərməsinə və uğura can atmasına şərait yaradır.
Ümumilikdə Prezidentin bu addımı təhsil sisteminə olan inamı gücləndirməklə yanaşı, tələbələrin həm sosial, həm də akademik həyatına birbaşa müsbət təsir göstərir. Uzunmüddətli perspektivdə isə bu qərar Azərbaycanın bilikli, savadlı və motivasiyalı gənclərinin yetişməsi baxımından strateji əhəmiyyət daşıyır”-deyə R. Fikrətoğlu fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova












