“The London Post” qəzeti Milli Məclisin deputatının Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı müsahibəsini dərc edib

  • By admin
  • 29 Sentyabr 2020 00:31

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev İngiltərənin “The London Post” qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatları barədə danışıb.

Gununsesi.info xəbər verir ki, deputat sentyabrın 27-də səhər saat 6 radələrində işğal altında olan Qarabağ ərazisində yerləşmiş erməni hərbi qüvvələrinin təmas xətti boyunca yerləşən kəndlərimizi ağır artilleriya silahlarından güclü atəşə tutduğunu bildirib. Qeyd edib ki, bir çox evlər dağılıb, həm mülki əhali arasında, həm də hərbçilərimiz arasında ölənlər və yaralananlar var. Təbii ki, cavab olaraq Azərbaycan Ordusu da əhalinin təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib. Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək hərbi dəstək istəyib və buradan da görünür ki, Ermənistanın məqsədi Azərbaycanı KTMT-yə üzv dövlətlərlə qarşı-qarşıya qoymaq olub. Amma aydındır ki, bu təşkilata üzv olmayan bir dövlətin ərazisində baş verən hadisələrə KTMT-nin müdaxilə etmək səlahiyyəti yoxdur. Hadisələr Ermənistan ərazisində yox, Azərbaycanın tərkib hissəsi olan və son üç onillik ərzində ermənilər tərəfindən işğal altında saxlanılan Qarabağ ərazisində baş verir.
C.Feyziyev qeyd edib ki, hərbi qarşıdurmanın güclənəcəyi gözlənilən idi. İyul ayında ermənilər iki ölkə arasındakı sərhəd zolağında bizim sərhəd xidmətimizə hücum etməyə cəhd göstərmişdilər. Onu da deyim ki, ölkəmizdən Avropaya gedən neft-qaz kəmərləri həmin ərazinin çox yaxınlığından keçir. Buna görə də bizə aydın idi ki, ermənilərin məqsədi nə idi və onlar hansı güclərin göstərişi ilə bu hücumu həyata keçirirdilər. O zaman həm mülki, həm də hərbi itkilər hesabına olsa da, Azərbaycan Ordusu ermənilərin hücumunun qarşısını ala bildi. Dərhal bu hadisələrdən sonra bizə məlum oldu ki, Ermənistana gizli surətdə silah-sursat ötürülür. Az sonra məlum oldu ki, iyul ayının ortalarından sentyabr ayının əvvəllərinədək Ermənistana çəkisi 1000 tondan artıq olan müxtəlif növlü silahlar daşınıb. Azərbaycan hakimiyyəti bu qeyri-qanuni silah təchizatını həyata keçirən ölkələrə öz iradlarını açıq şəkildə bildirdi. Elə həmin silahlar Ermənistana daşınan zaman, avqust ayında Ermənistan baş naziri Paşinyan elan etdi ki, torpaqların azad edilməsindən söhbət belə gedə bilməz və əksinə, o, Azərbaycanın işğal olunmuş ərazilərində sayı on minlərlə olacaq könüllülərdən ibarət ordu yaratmaqdadır. Sentyabrın əvvəllərində Ermənistan hökuməti bir az da irəli gedərək Liviya, Suriya və İraqda yaşayan ermənilərə müraciət edərək, onları pulsuz evlə və sosial müdafiə ilə təmin edəcəyinə söz verməklə işğal olunmuş torpaqlara köçməyə dəvət etdi. Az sonra Ermənistan TV-ləri Livandan Qarabağa köçmüş erməni ailəsini nümayiş etdirirdi. Livanlı ermənilər ASALA terror təşkilatının bayrağı önündə televiziya kameralarına poza verirdilər. Bütün bunlar Ermənistanın hansısa bir təxribata hazırlaşmasından xəbər verirdi. Biz bütün bunlardan çox narahat idik və Ermənistan hökumətinin bəd niyyətini hiss edirdik. Bundan başqa, Ermənistanın müdafiə naziri David Tonoyan da çıxışlarından birində demişdi ki, onlar işğal olunmuş torpaqlardan çıxmağa yox, əksinə, yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşırlar. Lap bu yaxınlarda Ermənistanın Müdafiə Nazirliyi Qarabağ ərazisində könüllülərin də iştirakı ilə Ermənistan ordusunun hərbi təlimlərini təşkil etmişdi. Hətta Ermənistan baş nazirinin xanımı Anna Hakopyan da hərbi geyimdə, əlində Kalaşnikov avtomat silahı ilə həmin təlimlərdə iştirak edirdi. O, açıq şəkildə erməni qadınlarını Qarabağda qadınlardan ibarət batalyon yaratmağa çağırırdı. Bütün bunlar bizi narahat edirdi və biz ehtimal edirdik ki, hətta ASALA kimi terror təşkilatlarını da cəlb etməklə ermənilər hansısa bir təxribat törədə bilərlər.
Deputat qeyd edib ki, bölgədə hökm sürən daimi gərginlik 90-cı illərin əvvəllərində Ermənistanda yerləşən sovet ordusunun dəstəyi ilə Azərbaycan torpaqlarının erməni hərbi qüvvələri tərəfindən işğalının nəticəsidir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının bütün erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi qəbul olundu. Buna baxmayaraq, Ermənistan artıq 30 ildir ki, bu qətnamələri yerinə yetirməkdən imtina edir. Əksinə, bütün bu müddət ərzində Ermənistan bölgədə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək üçün qeyri-qanuni yollarla Yaxın Şərq ölkələrindən gətirdiyi ermənilərlə işğal etdiyi əraziləri məskunlaşdırmağa çalışır. Keçən 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə bizim maddi-mədəni irsimizi dağıtmaqla bu torpaqlarda min illərlə yaşamış azərbaycanlıların bütün izlərini silib yox etməyə çalışdı. Beləliklə, bölgədə gərginliyin azaldılması və hətta tamamilə aradan qaldırılması yalnız Ermənistanın işğalına son qoymaqla mümkündür. Bu işğala son qoymaq üçünsə Ermənistan öz qeyri-qanuni hərbi birləşmələrini dərhal və heç bir qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarmaqla BMT TŞ-nin qətnamələrini yerinə yetirməlidir.
Deputat bildirib ki, yaranmasından 30 il keçməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu münaqişənin həll edilməsində heç bir uğur qazana bilməyib. Əksinə, atəşkəs rejimindən istifadə edən Ermənistan tutduğu Azərbaycan torpaqlarını qeyri-qanuni olaraq məskunlaşdırmağa başladı.
ABŞ-ın regionda rolu ilə bağlı suala cavabında deputat deyib ki, Birləşmiş Ştatlar Minsk qrupuna həmsədrlik edən üç dövlətdən biridir, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. ABŞ, həmçinin Azərbaycanın Avropa siyasi-iqtisadi sisteminə inteqrasiyasını da dəstəkləyir. Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu dəstəkləyir.
“Belə bir zamanda Avropa İttifaqından və Böyük Britaniyadan nə kimi dəstəyə ehtiyacınız var?” sualına cavabında isə C.Feyziyev qeyd edib ki, həm Avropa İttifaqı, həm də Böyük Britaniya Azərbaycanın ən böyük biznes tərəfdaşları və ən böyük sərmayəçiləridir. Onlar bu münaqişənin bütün detallarını çox yaxşı bilirlər. Biz böyük ümidlər bəsləyirik ki, həm Avropa İttifaqı və həm də Böyük Britaniya bu münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklər, yəni beynəlxalq hüquq normalarına uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ölkəmizə dəstək verəcəklər.
Deputat vurğulayıb ki, Azərbaycan heç vaxt heç bir dövlətə qarşı torpaq iddialarında olmayıb, amma öz torpaqlarını da heç kimə vermək fikrində deyil. Tarixdə ilk erməni dövləti hələ 1918-ci ildə böyük güc sahiblərinin təzyiqi nəticəsində məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. İndi 100 il sonra yenidən bizim torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verə bilmərik. İşğal edilmiş bütün ərazilərimiz azad olunmalı və bir milyona yaxın qaçqın və məcburi köçkünümüz öz doğma torpaqlarına qayıtmalıdırlar.

Gununsesi.info