Tofiq Yaqublu azadlığa buraxıla bilərmi? - FAZİL MUSTAFANIN TÖVSİYƏSİ VAR

  • By Admin2
  • 17 Aprel 2025 13:41

Xəbər verdiyimiz kimi, tanınmış müxalifət lideri Tofiq Yaqublu həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Vəkillərinin sözlərinə görə, 20 günə yaxınlaşan aksiyanın fəsadları artıq özünü biruzə verib.

Belə ki, məlumatlara görə, Yaqublu vəkilləri və ailəsi ilə  görüş  əlil arabasında gətirilir.

Onu da qeyd edək ki,  Tofiq Yaqublunun həbsdən azad olunması üçün bir sıra beynəlxaq təşkilatlar da Azərbaycan hökumətinə çağırış edib.

Bəs görəsən, Tofiq Yaqublu azadlığa buraxıla bilərmi?

Milli Məclisin deputatı, Əfv Məsələləri Komissiyasının üzvü Fazil Mustafa bu barədə Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, məhkumun səhhətində ciddi problemlər varsa, bu barədə müraciət edilə, həmin müraciətə baxıldıqdan sonra isə hansısa zəruri addımları atmaq olar:

“Ümumiyyətlə, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin səhhəti ilə bağlı ciddi problem varsa, bununla bağlı müvafiq qurumlara müraciət edilməlidir. Onlar da xüsusi ixtisaslaşmış tibbi qurumlar tərəfindən rəy bildirilikdən sonra, əgər xəstəlik əlamətləri kifayət qədər ciddidirsə, ona reaksiya bildirilməlidir. Ona görə də ciddi xəstəlik əlamətləri varsa, bununla bağlı müraciət etsinlər. Bütün hallarda insanın sağlamlığı və yaşamaq hüququ hər şey öndədir. Biz bir çox hallarda Əfv Məsələləri Komissiyasında ağır xəstəliyi olan şəxslərin sağalmasında, müalicəsində problem varsa, onların vaxtından əvvəl azadlığa buraxılması məsələsini gündəmə gətiririk. İndi yəqin əfv qaydasında bunu etmək mümkün deyil, çünki çəkilən cəzanın müddəti qanunvericiliyə görə ağır cinayətlərdə yarı müddətdən artıq olmalıdır. Amma digər hallarda müvafiq tibbi qurumların və Penitensiar xidmətin müəyyən araşdırmasından sonra mümkün ola bilər. Hər halda bütün insanlara qarşı humanizmin tədbiq olunması hər zaman faydalıdır və ümid edirəm ki, bu məsələ müvafiq peşəkar tibbi ekspertizadan keçəndən sonra müvafiq qərar verilə bilər. Bu məsələ digər şəxslərə, o cümlədən Əvəz Zeynallıya da aiddir. Əgər doğrudan da səhhətlərində belə bir problem varsa, ən azı müalicə üçün şərait yaradılmalıdır, əgər xəstəlikdə müalicə üçün hansısa kənarda ediləcək zəruri addımlar varsa, bu istiqamətdə də müəyyən qərarlar qəbul edilə bilər”.

Orxan Saffari

Gununsesi.info