Turan Rzayev: “Bakı Təhlükəsizlik Forumu regional deyil, qlobal platformaya çevrilir”

  • Müəllif: Orxan
  • 23 Sentyabr 2026 18:17

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə Bakıda “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu keçirilir.

Forumda beynəlxalq təşkilatların, eləcə də müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edir. Tədbirin geniş iştirakçı coğrafiyası Bakı Təhlükəsizlik Forumunun yalnız regional deyil, beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platformaya çevrildiyini göstərir.

Gununsesi.info xəbər verir ki, politoloq Turan Rzayev forumun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, 2023-cü ildən etibarən keçirilən forum artıq davamlı dialoq platformasına çevrilib və builki tədbirin gündəliyi dünyada təhlükəsizlik çağırışlarının artdığı bir dövrə təsadüf edir.

“Forumda bu qədər ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı Bakının beynəlxalq təhlükəsizlik dialoqundakı rolunun artdığını göstərir. Təxminən 600 iştirakçının təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparması platformanın regional xarakter daşımadığını göstərən amillərdən biridir”, – deyə politoloq bildirib.

Turan Rzayevin fikrincə, forumun əsas diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin iştirakçılara müraciətində təhlükəsizlik anlayışının dəyişən xarakterinə toxunmasıdır.

Prezident müraciətində “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır” fikrini səsləndirib. Dövlət başçısı həmçinin dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının bütün dövlətlərin ortaq məsuliyyəti olduğunu vurğulayıb.

Politoloq hesab edir ki, bu yanaşma müasir beynəlxalq təhlükəsizlik mühitinin əsas xüsusiyyətlərindən birini ifadə edir.

“Bu gün bir ölkədə meydana çıxan böhran yalnız həmin ölkənin siyasi və təhlükəsizlik mühitinə təsir göstərməklə məhdudlaşmır. Enerji təchizatından nəqliyyat dəhlizlərinə, ərzaq bazarlarından maliyyə sistemlərinə, kiberməkandan informasiya mühitinə qədər bir-biri ilə bağlı çoxsaylı sahələrdə nəticələr yarada bilir. Bu baxımdan milli təhlükəsizliklə beynəlxalq təhlükəsizlik arasındakı sərhədlər əvvəlki qədər kəskin deyil”, – Turan Rzayev deyib.

Onun sözlərinə görə, terrorçuluq, transmilli cinayətkarlıq, ekstremizm, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq kimi təhdidlərin qarşısının alınması yalnız ayrı-ayrı dövlətlərin imkanları ilə məhdudlaşa bilməz.

“Bu təhlükələrin maliyyə, logistika, informasiya və texnoloji komponentləri müxtəlif ölkələrin ərazisindən keçə bilir. Buna görə də onlara qarşı mübarizə dövlətlərarası koordinasiya, operativ məlumat mübadiləsi və təhlükəsizlik qurumları arasında davamlı peşəkar əlaqələr tələb edir”, – deyə politoloq vurğulayıb.

Orxan

Gununsesi.info