Türkiyənin XİN rəhbəri: “Avropa İttifaqı Ankaraya qarşı daha ayıq mövqe tutmalıdır”

  • By admin
  • 18 Dekabr 2023 12:10

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı zamanı deyib ki, Avropa İttifaqı (Aİ) Ankaraya qarşı daha ayıq mövqe tutmalıdır.

Gununsesi.info bildirir ki, diplomatik mənbələrdən verilən məlumata görə, Aİ Ümumi İşlər Şurasının dekabrın 12-də keçirilən və Birliyin genişlənməsi məsələlərinə həsr olunmuş iclasının yekunları, həmçinin dekabrın 14-15-də təşkil olunmuş Aİ Sammitinin yekunları müzakirə edilib.

Türkiyə diplomatiyasının rəhbəri, gözlənilənlərin əksinə olaraq, keçən həftə Aİ sammitində Avropa Komissiyası və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrel tərəfindən hazırlanmış Türkiyə-Avropa İttifaqı münasibətlərinə dair Birgə Bəyanatın müzakirə edilməməsini yanlış adlandırıb. Sənədə baxılması isə növbəti sammitə təxirə salınıb.

Fidan bildirib ki, Aİ Ankaraya qarşı daha ədalətli, daha ayıq mövqe tutmalıdır.

Qlobal problemlərin artdığı bir dünyada Aİ strateji hərəkət etməli və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır, türkiyəli nazir bildirib.

“Ankara Aİ-dən Gömrük İttifaqının yenilənməsi, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Türkiyə ilə viza rejiminin sadələşdirilməsinin təmin edilməsi kimi məsələlərdə ən qısa zamanda konkret addımlar atmasını gözləyir”, – deyə Hakan Fidan əlavə edib.

Gununsesi.info