Türkiyənin xarici işlər naziri Hakan Fidanın Liviyaya səfəri Ankaranın bu ölkə ilə bağlı siyasətində yeni mərhələnin formalaşdığını göstərir.
Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Turan Rzayev yazıb.
O qeyd edib ki, Fidanın səfər çərçivəsində həm Tripolidə, həm də Benqazidə olması, xüsusilə də illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi diqqət çəkir.
Politoloqun sözlərinə görə, Türkiyə uzun müddət Liviyada əsas dayağını Tripolidəki Milli Birlik Hökumətində görüb. Ankara üçün Tripoli həm siyasi tərəfdaş, həm də Aralıq dənizində enerji və dəniz sərhədləri məsələsində mühüm müttəfiq olub. Türkiyə ilə Liviyanın qərbindəki hakimiyyət arasında imzalanan dəniz səlahiyyətləri və enerji razılaşmaları Ankaranın Şərqi Aralıq dənizindəki mövqeyini gücləndirib.
“Bu səbəbdən Haftarın rəhbərlik etdiyi şərq düşərgəsi uzun müddət Türkiyənin qarşı tərəfində dayanırdı. Lakin hazırda vəziyyət əvvəlki kimi deyil. Türkiyə Liviyanın siyasi reallığını olduğu kimi qəbul edir və ölkənin qərbi ilə yanaşı, şərqində də təsir imkanları yaratmağa çalışır”, – deyə Rzayev bildirib.
O vurğulayıb ki, Ankaranın Liviya siyasətində dönüş etməsi təəccüblü deyil. Çünki Liviyada heç bir tərəf ölkənin bütövlüyünü və siyasi sistemini təkbaşına müəyyənləşdirə biləcək gücə malik deyil:
“Tripoli hökuməti ölkənin bütün ərazisinə faktiki nəzarət etmir, Haftar isə hərbi gücünə baxmayaraq, Liviyanın qərbində siyasi legitimliyi tam şəkildə təmin edə bilmir. Belə şəraitdə tərəflərdən yalnız birini seçmək Türkiyənin manevr imkanlarını məhdudlaşdırır. Ankara, görünür, məhz bu məhdudiyyəti aradan qaldırmaq qərarına gəlib”.
Politoloq Hakan Fidanın səfərlə bağlı açıqlamasına da diqqət çəkib.
Nazir Türkiyənin Liviyanın qərbi, şərqi və cənubu arasında ayrı-seçkilik qoymayan “Vahid Liviya” siyasətini həyata keçirdiyini bildirib.
Rzayevin fikrincə, daha açıq desək, Türkiyə artıq Liviyada bir tərəfin himayədarı kimi deyil, ölkənin gələcək siyasi nizamının formalaşmasında bütün tərəflərlə danışa bilən əsas regional aktor kimi çıxış etmək istəyir.
Politoloq Fidanın Tripolidə Türkiyə Silahlı Qüvvələrinin Liviya Missiyası Qrup Komandanlığını ziyarət etməsinin də mühüm mesaj olduğunu qeyd edib:
“Bu, Ankaranın şərq düşərgəsi ilə yaxınlaşmasının Türkiyənin Tripolidəki hərbi mövcudluğundan imtina anlamına gəlmədiyini göstərir. Fidanın Benqaziyə səfəri Haftarla münasibətlərin yalnız siyasi dialoq səviyyəsində saxlanılmayacağını da göstərir. Türkiyə bir tərəfdən Haftarla danışıqlar aparır, digər tərəfdən Tripolidə hərbi mövcudluğunu qoruyur. Bu, Ankara üçün kifayət qədər əlverişli vəziyyətdir”.
Rzayev hesab edir ki, Türkiyə Suriyada olduğu kimi, Liviyada da sabit və mərkəzləşmiş dövlətin bərpa olunmasını istəyir. Onun sözlərinə görə, Ankara Liviyada sabitliyin necə təmin ediləcəyini yerindəki vəziyyəti müşahidə etməklə və əsas siyasi-hərbi aktorlarla birbaşa təmas qurmaqla müəyyənləşdirməyə çalışır.
“Başqa sözlə, Ankara Haftarın gələcəkdə nə qədər güclü ola biləcəyini əvvəlcədən ölçməyə və onunla münasibətlər quraraq bu gücü öz təsir dairəsinə daxil etməyə çalışa bilər”, – deyə politoloq qeyd edib.
O, Türkiyənin Suriyada Əsəd hakimiyyətinin son dönəmində Dəməşqlə təmaslar qurmasını da xatırladıb. Rzayevin fikrincə, sonradan Suriyada hakimiyyət dəyişikliyinin baş verməsi və Türkiyənin yeni reallığa sürətlə uyğunlaşması Ankaranın Liviyada Haftarla qurduğu təmaslara da fərqli prizmadan baxmağa imkan verir.
Elmar











