Türkiyədən sonra Azərbaycanda da blogerlərə nəzarət gücləndirilə bilər -HÜQUQŞÜNAS DANIŞDI

Xəbər verdiyimiz kimi, Türkiyədə blogerlərə nəzarət gücləndirilir.

Gununsesi.info bildirir ki, türkiyəli fenomen Dilan Polatın hesablarının bağlanmasından sonra aidiyyəti qurumlar bir sıra məşhur fenomenlərin də sosial şəbəkə hesablarını daha yaxından izləməyə başlayıb.

Bəzi məşhur şəxslərin sosial şəbəkə fəaliyyəti nəzarətə götürülüb və bu istiqamətdə araşdırmalar genişləndirilib.

Bəs Azərbaycanda buna ehtiyac varmı? Azərbaycanda fəaliyyət göstərən blogerlərə nəzarət hansı səviyyədə gücləndirilməlidir? 

Mövzu ilə bağlı Gununsesi.infoya danışan hüquqşünas Xəyal Məmmədovun fikrincə, Azərbaycanda da buna ehtiyac var:

“Bu gün sosial şəbəkələrdə bəzi fenomenlər pul müqabilində məhsul və ya xidməti reklam etsələr də, bunu reklam kimi təqdim etmirlər. Vətəndaş da düşünür ki, həmin şəxs məhsuldan həqiqətən istifadə edib və səmimi tövsiyə verir. Sonradan isə aldığı xidmət və ya məhsul gözlədiyi kimi çıxmır və zərərə düşür. Əslində Azərbaycan qanunvericiliyində bununla bağlı normalar mövcuddur.

“Reklam haqqında” Qanunun 4-cü maddəsinə görə reklam doğru, dürüst və istehlakçını aldatmayan məlumatlardan ibarət olmalıdır. Həmin qanunun 26-cı maddəsində isə reklam yayımçılarının və reklam fəaliyyətində iştirak edən şəxslərin məsuliyyəti nəzərdə tutulur. Bundan başqa, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə əsasən, istehlakçı mal və xidmət barədə düzgün və tam məlumat almaq hüququna malikdir. Əgər vətəndaş aldadıcı məlumat nəticəsində zərərə məruz qalırsa, onun hüquqları pozulmuş hesab edilir”.

Hüquqşunas qeyd edib ki, fenomenlər və blogerlər reklam etdikləri məhsul və ya xidmətə görə müəyyən məsuliyyət daşımalıdırlar:

“Əgər paylaşım reklamdırsa, bunu açıq şəkildə qeyd etməlidirlər. Xüsusilə təhsil, işə düzəltmə, tibbi xidmət, kredit və investisiya kimi sahələrdə insanları yanlış yönləndirən reklamlara qarşı daha ciddi nəzarət olmalıdır. Sosial şəbəkələr artıq təkcə əyləncə platforması deyil, həm də böyük reklam bazarıdır. Buna görə də vətəndaşların aldadılmasının qarşısını almaq üçün Türkiyədə olduğu kimi Azərbaycanda da bu sahəyə nəzarətin gücləndirilməsi məqsədəuyğun olardı. Bu, kimisə məhdudlaşdırmaq üçün deyil, insanların hüquqlarını qorumaq üçün vacibdir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info