2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.
Gununsesi.info xəbər verir ki, aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.
Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.
Qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturları məlumatlandırılıb.
Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.















