Türkmənistan Prezidenti Zəfər parkı və Fəxri xiyabanda - Fotolar - Yenilənib

  • By Admin2
  • 22 İyun 2026 14:18

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Bakıda Zəfər parkını ziyarət edib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

***

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Türkmənistan Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.