“Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi dövlət səfərini və keçirdiyi görüşləri keçən ilin iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbayana və həmin ilin avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri zamanı keçirilən görüşlərin bir növ məntiqi davamı kimi qiymətləndirmək olar”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli deyib.

Deputat qeyd edib ki, həmin görüşlər siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdi:
“Keçən il olduğu kimi, bu dəfə də keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri çox əhatəli şəkildə müzakirə olunub. İki ölkə prezidenti Füzulidə və işğaldan azad edilmiş digər yerlərdə olublar. Görüşlər zamanı iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə böyük perspektivlərin olduğu və bütün istiqamətlərdə əməli addımların sürətləndirilməsinin vacibliyi bildirilib.
Səfər çərçivəsində iki ölkə prezidentlərinin Birgə Bəyanatı; “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”; “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı”, eləcə də iki ölkə arasında kənd təsərrüfatı, maliyyə-bank, gömrük, idman, əmək və sosial müdafiə, səhiyyə, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında və sair bu kimi çox mühüm sənədlər imzalandı.
Karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan və Türkmənistan arasında əlaqələrin əsas spektrini təbii surətdə nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Mərkəzi Asiya və Qafqaz regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Türkmənistan və Azərbaycandan keçir. Bu fakt Azərbaycan və Türkmənistanı “Xəzər dənizi–Qara dəniz”, “Şərq–Qərb” kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirib. Bu baxımdan Azərbaycan–Türkmənistan münasibətlərində nəqliyyat-tranzit sahəsi əməkdaşlığın strateji istiqamətlərindən biri kimi həm iki ölkə, həm regional, həm də qlobal kontekstdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi Türkmənistan üçün Avropaya açılan mühüm pəncərəyə çevirib. Dəmiryolu yükdaşıma müddətinin və xərclərinin xeyli azalmasına imkan verən Bakı–Tbilisi–Qars (BTQ) dəmiryolu infrastrukturu Türkmənistan mallarının Türkiyəyə və Avropaya, eləcə də malların əks istiqamətdə daşınması üçün önəmli bir vasitədir.
Azərbaycan və Türkmənistanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından da mühüm üstünlüklər yaradır. Bu baxımdan Türkmənistan–Azərbaycan–Gürcüstan–Türkiyə nəqliyyat dəhlizi üzrə uğurlu əməkdaşlıq və onun coğrafiyasının genişləndirilməsi Xəzər və Qara dəniz regionlarında iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açır. Bu kontekstdə Türkmənistanın enerji ixracının diversifikasiyası və onun qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılması məsələsinin aktuallığı artır”.
Şəbnəm










