“Türkiyənin hərbi bazası olsa, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz…”

  • By admin
  • 24 Yanvar 2021 14:18
“Laçın dəhlizindən Azərbaycana gələn hər bir şəxsin kimliyini bilməli, oradan ölkəmizin ərazisinə hansı yüklərin daşınmasından məlumatlı olmalıyıq”

Azərbaycan Ordusu işğalçı Ermənistan üzərində böyük qələbə qazanıb, Qarabağa nəzarəti ələ alsa da, siyasət masasında həll edilməli olan ciddi problemlər var. Bunlardan ən vacibi Laçın dəhlizi, eyni zamanda hazırda ermənilərin yaşadığı Azərbaycanın Xankəndi, Xocalı və digər yaşayış məntəqələrinə tam nəzarətin bərpasıdır. Baş nazirin keçmiş müavini, Milli Məclisin üzvü Vahid Əhmədov müsahibəsində həm bu, həm də digər problemlərdən danışıb:
 
– Vahid müəllim, Rusiya Xarici işlər naziri Sergey Lavrovun son Qarabağ açıqlamalarını necə qiymətləndirirsiniz? Hansı ki Lavrov Dağlıq Qarabağın statusu haqda nələrəsə işarə edib.
– Rusiyanın bu məsələdə mövqeyini qənaətbəxş qiymətləndirməzdim. Mən həmişə demişəm, biz onlara inanmırıq, inana da bilmərik. Çünki üç gün əvvəl 20 Yanvar facisənin növbəti ildönümünü qeyd etdik, şəhidlərimizin ruhunu şad etdik, xatırladıq.
Sözsüz ki, Azərbaycan əldə etdiyi qələbə naminə, ölkəmizin ərazi bütövlüyünün bərpasını nəzərə alaraq dövlət başçımız icazə verdi ki, rus sülhməramlı qüvvələri münaqişə bölgəsinə gəlsinlər, müharibə dayansın, Ermənistan da məğlubiyyətini etiraf etsin. Ancaq bəzən eşidirik ki, sülhməramlılar onlara aidiyyəti olmayan işlərlə məşğul olur. Yeri gəlmişkən, bu barədə Türkiyə mətbuatı da yazır. Eləcədə Türkiyə dövlət rəsmiləri də bu barədə xəbərdarlıq edirlər.
Mən bir daha deyirəm, nə qədər ağır və çətin olsa da, bizim əsas məqsədimiz işğaldan azad olunan ərazilərin bərpası məsələsidir. Biz, bu əraziləri tez bir zamanda bərpa etməli, insanlarımızı oralarda yerləşdirməliyik.
Mənə elə gəlir ki, sülhməramlı qüvvələr heç beş il müddətində orada qalmayacaqlar. Müəyyən müddətdən sonra yəqin ki, onlar oradan gedəcəklər.
 
– Bu halda Xankəndinin taleyi necə olacaq?
– Xankəndi, Ağdərə, Xocavənd, Xocalıda da Azərbaycanın dövlət idarələri yerləşəcək, bütün problemlər də öz həllini tapacaq. Mənim buna şübhəm yoxdur.
Bu arada xüsusilə diqqəti bir məqama yönəltmək istərdim. Azərbaycanın dövlət başçısı yeni bir fərman imzaladı. Bu fərman əsasında cənab Prezident xüsusi nümayəndələr təyin edəcək. Baxaq görək, bəlkə elə həmin rayonlara da xüsusi nümayəndələr təyin olunacaq. Bu da, olduqca vacib məsələdir.
Amma mən hər zaman demişəm, bu gün bir daha vurğulamaq istərdim: əgər Ermənistan Azərbaycanla əlaqələr qurmaq, normal qonşuluq münasibətlərinə daxil olmaq istəyirsə, iki məsələni həll etməlidir.
Birincisi, Ermənistan dövlət kimi yaşamaq və inkişaf etməkdə maraqlıdırsa, Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımalı, bizim sərhədlərimizə hörmətlə yanaşmalıdır. Bu, əsas məsələdir.
İkincisi, Dağlıq Qarabağın statusu məsələsini birdəfəlik unutmalıdır.
Rusiyanın Xarici işlər naziri Lavrov, eləcədə Federasiya Şurasının sədri mütəmadi olaraq Dağlıq Qarabağın statusu məsələsinə qayıdırlar. Fikrimcə, erməniləri əldə saxlamaq, həvəsləndirmək məqsədilə belə variantlara əl atırlar.
Bizim kifayət qədər təcrübəmiz var, eləcədə Vətən müharibəsi zamanı da müəyyən təcrübə əldə etdik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi var, qətiyyətli addımlar atır, ölkənin maraqlarını bütün sferalarda qoruyur. Bu mənada düşünürəm ki, nə qədər ağır və çətin olsa da, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həllini tapacaq. Bəli, qarşı tərəf təxribata gedir, bəzi addımlar atır. Amma sonda biz istədiyimiz nəticəni əldə edəcəyik.
 
– Siz hazırda bu proesdə ən vacib və əhəmiyyətli məsələnin hansı olduğunu düşünürsünüz?
– Məsələn, Laçın dəhlizində bizim hərbçilərimizlə, gömrükçülərimizin oturmasını vacib sayıram. Düşünürəm ki, bu məsələni həll etməliyik. Üstəlik, bunu gecikdirmək də olmaz. Laçın dəhlizindən Azərbaycana gələn hər bir şəxsin kim olduğunu bilməliyik. Eyni zamanda oradan Azərbaycana hansı yüklərin daşınmasından məlumatlı olmalıyıq.
Hörmətli Vladimir Putin çıxışlarının birində qeyd etdi ki, Qarabağa 48 min erməni qayıdıb. Görəsən, bu ermənilər kimlərdir? Terrorçudurlar, Azərbaycan dövlətinə qarşı müharibədə iştirak etmiş şəxslərdir, yoxsa mülki insanlardır? Bunların hamısı araşdırılmalıdır.
Biz qələbənin əhəmiyyətini nəzərə alaraq müəyyən güzəştlərə getdik. Amma Rusiya da anlamalıdır ki, bu torpaqlar Azərbaycana məxsusdur. BMT çərçivəsində, dünya bu torpaqların Azərbaycana məxsus olduğunu qəbul edib. Onların hamısı da Azərbaycanın ərazisi olacaq.
– Sizcə, Sergey Lavrovla Rusiya dövlətinin mövqeyi eynidir, yoxsa burada fərqliliklər var?
– Fikir verirsinizsə, Rusiyada müəyyən hadisələr baş verəndə ilk danışan Vladimir Jirinovski olur. Yəni o, Rusiyanın danışan dilidir. Sergey Lavrova gəldikdə, onun bir tərəfinin erməni olduğuna dair fikirlər mövcuddur, ola bilsin, bu məsələlərdə maraqlıdır. Özü də bir neçə gün əvvəl Ermənistanın Xarici işlər naziri ilə müzakirələr aparıb. Amma bunların heç birinin xeyri yoxdur. Artıq Azərbaycan o Azərbaycan, millət də əvvəlki millət deyil. Üstəlik, dövlət başçısının iradəsi var, lazım olanda ortaya dəmir iradəsini qoyur. Odur ki, bu məsələlər öz həllini tapacaq.
İkincisi, Türkiyə dövləti sülhməramlılar və digər məsələlərlə bağlı narazılığını dilə gətirib. Hesab edirəm, müəyyən qədər vaxt lazımdır. Amma eyni zamanda, çalışmaq lazımdır ki, ora artıq silah-sursat daxil olmasın. Bunun da yeganə yolu Laçın dəhlizində bizim sərhədçilərimizin oturub xidmət aparmasıdır.
– Ermənistanda müxalifətin indiki erməni hökumətinə qarşı sərt mövqe tutduğu müşahidə olunur. Sizcə, Ermənistandakı iqtidar probemin danışıqlar yolu ilə həll edilməsinə və hələlik nəzarətimizdən kənarda qalan ərazilərdə süverenliyimizin bərpasına razı olacaqmı?
– Erməniləri də bəzi addımlara təhrik edənlər var. Bir daha qeyd edim ki, Ermənistanın bir dövlət kimi yaşamaq və irəliləməyini istəyirlərsə, ermənilər iki məsələni həll etməlidir.
Dünyada düzən dəyişir, Qafqazda məsələlər tamam başqa istiqamətə yönəlir, Türkiyə artıq Qafqazdakı proseslərdə iştirak edir, sözünü deyir.
Pakistanla Azərbaycan arasında müəyyən anlaşmalar imzalandı. Bunlar adi məsələlər deyil. Pakistan nüvə dövləti, kifayət qədər böyük ölkədir. Bunların hamısı cənab Prezidentin apardığı siyasətdir ki, gələcəkdə hər hansı bir problem yaranmasın.
Amma mən onun tərəfdarıyam ki, Azərbaycanda Türkiyənin hərbi qüvvələri yerləşdirilsin. Bu, bizim üçün çox vacibdir. Bu, həm Qarabağda hansısa qarşıdurmanın, həm də ərazi bütövlüyümüzün qarantıdır. Üstəlik, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz, çünki Türkiyə NATO dövlətidir.
– ABŞ-da Donald Tramp dövrü bitdi, Con Baydenin hakimiyyəti başlayır. Sizcə, Bayden siyasətinin priroritetləri hansılar ola bilər?
– Öncədən bəzi şəxslər deyirdilər ki, Bayden erməni lobbisinə yaxın adamdır, müəyyən problemlər ola bilər. Amma hakimiyyətə gələn, səs toplamağa çalışan siyasətçinin seçkilər zamanı şişirdilmiş bəyanatlar verməsinə təbii yanaşmaq lazımdır. Mən düşünmürəm ki, Azərbaycanla Amerika arasında problemlər yarana bilər. Çünki ABŞ Azərbaycanı bu məsələlərdə kifayət qədər müdafiə edib, bizim ərazi bütövlüyümüzü tanıyıb. Ona görə də, hər hansı bir çətinlik ola bilməz.
Digər tərəfdən, Türkiyə NATO dövlətidir, hərbi ittifaqın ikinci ən güclü ölkəsidir. Güman edirəm ki, ABŞ-Türkiyə münasibətləri də yüksək səviyyədə qurulacaq.
Baydenin öz siyasətində hansı məsələləri önə çəkəcəyi zamanla ortaya çıxacaq. Tramp hakimiyyətdə olanda ənənəvi siyasətdən kənara çıxmışdı, amma Bayden kifayət qədər təcrübəli siyasətçidir, tanınmış adamdır. Gözləntim belədir ki, Bayden normal siyasət aparacaq, qarşıdurmalara getməyəcək.
Gununsesi.info