Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Volqoqrad şəhərində yerləşən “Titan-Barrikadı” elmi-istehsalat mərkəzinə raket zərbələri endirdiyi bildirilir.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə müəssisə ərazisinə bir neçə raketin dəydiyi və partlayışların baş verdiyi əks olunub.
Məlumatlara görə, hədəf alınan “Titan-Barrikadı” müəssisəsi Rusiyanın hərbi-sənaye kompleksinin mühüm obyektlərindən biridir.
Zavod “Topol-M” və “Yars” qitələrarası ballistik raketləri, “İsgəndər” operativ-taktiki raket kompleksi, sualtı qayıqlar üçün “Bulava-30” ballistik raketi, “Start-1.2” daşıyıcı raketi, gəmi əleyhinə sahil müdafiə sistemləri və ağır artilleriya qurğularının layihələndirilməsi, sınaqları və istehsalında iştirak edir.
İlkin məlumatlara əsasən, zərbə Ukraynanın FP-5 “Flaminqo” qanadlı raketləri ilə həyata keçirilib. Yayılan videolarda hədəfə 3 və ya 4 raketin dəydiyi görünür. Hücumun nəticələri və müəssisəyə dəyən ziyanın miqyası barədə hələlik rəsmi təsdiqlənmiş məlumat açıqlanmayıb.












