Ülküçülərin Azərbaycan sevdası tükənməzdi -DÖVLƏT BAXÇALI ŞUŞADA MƏKTƏB TƏKLİFİ İLƏ BİR DAHA BUNU GÖSTƏRDİ

  • By admin
  • 17 Yanvar 2021 19:25

Dövlət Baxçalının Şuşada məktəb tikmək istəyi Türkiyənin milliyətçi kəsiminin hər zaman olduğu kimi bu gün də “Bir millət iki dövlət” prinsipinə sadiq qaldığını təsdiqləyir.

Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi bir çox məqamlarla yadda qaldı. Həmin məqamlardan biri də Türkiyə-Azərbaycan qardaşlığının bu dəfə də sınaqdan üzüağ çıxması ilə bağlıdır. Haqq savaşımızın ilk saatlarından sonuna qədər Azərbaycanı dəstəkləyən Türkiyədə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla bütün dövlət və hökumət təmsilçiləri, o cümlədən terrorçu PKK-nın siyası uzantısı olan HDP istisna olmaqla, bütün siyasi partiyalar və qeyri-hökumət təşkilatları yanımızda oldular.
Yerigəlmişkən, birinci Qarabağ savaşında ülküçülərin döyüşdüyünü də unutmadıq.
İkinci Qarabağ savaşını isə qardaş ölkənin dəstəyi ilə qazandıq.
Bu gün artıq ölkəmizdə yeni mərhələ – işğaldan azad edilmiş ərazilərdə o cümlədən Şuşada quruculuq mərhələsi başlayıb. Və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən türk qardaşlarımız bu prosesdə də ön sıradadırlar. Şuşadan söz düşmüşkən, məlum olduğu kimi Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi” tərəfindən ibtidai məktəb açılmasını təklif edib.

Bu barədə MHP lideri özünün “Twitter” səhifəsində paylaşım edib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”.

MHP lideri məlum paylaşımında keçən il Qarabağın işğaldan azad olunmasını türk millətinin son illərdə əldə etdiyi ən böyük qələbə adlandırıb və bununla sevinc və qürur duyduqlarını ifadə edib: “Qarabağın ürəyi olan Şuşanın 8 noyabr 2020-ci ildə xilası zülmə son qoydu, terroçu dövlət olan Ermənistanın şikəst xəyallarını məhv etdi. Şuşa strateji mövqedən əlavə o qədər də Türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir”. “Şuşanın inkişafı və burada yaşayan Türk uşaqlarının gələcəyini təmin etmək bizim mənəvi məsuliyyətimizdir, bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək əvəzolunmaz borcumuzdur” deyə MHP lideri qeyd edib.

Dövlət Baxçalının bu təklifinin digər maraqlı və həm də tarixi dəyəri isə tikiləcək məktəbin adı ilə bağlıdır. Belə ki, MHP lideri Azərbaycan dövlət himninin 1920-ci il yanvarın 30-da qəbul olunduğunu xatırladaraq, himnin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Şuşada anadan olmuş Üzeyir Hacıbəyliyə məxsus olduğunu qeyd edib. O, məhz buna görə də təməlqoyma mərasiminin yanvarın 30-da keçirilməsini və inşa ediləcək məktəbə Üzeyir Hacıbəylinin adının verilməsini arzu etdiklərini bildirib.

Əslində Dövlət Baxçalının bu təklifi səsləndirməsi heç də təsadüfi deyil. O mənada ki, hazırda onun liderlik etdiyi Türk milliyətçiləri, ülküçü kəsim Azərbaycana sevgilərini, Azərbaycan uğrunda hər şeyə hazır olduqlarını əməlləri ilə sübut ediblər. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan ötən əsrin doxsanıncı illərində dövlət müstəqilliyini bərpa etdiyi ilk günlərdən ülküçülər yanımızda olub, hətta birinci Qarabağ savaşında bizə hərtərəfli dəstək göstəriblər. Belə ki, MHP-nin qurucusu, Başbuğ Alparslan Türkeş 1992-ci ildə Azərbaycana gəlib və o dönəm prezident seçkilərində namizəd olan Əbülfəz Elçibəylə görüşüb. Eyni zamanda Alparslan Türkeş Birinci Qarabağ döyüşləri zamanı ülküçülərdən ibarət “Rüzgar Birliyi”nin 500 xüsusi təyinatlı hərbçisini müharibəyə göndərib.

Öz növbəsində Alparslan Türkesdən sonra MHP-yə sədrlik edən Dövlət Baxçalı da hər zaman Azərbaycan sevgisi ilə, ölkəmizə mənəvi-siyasi dəstəyi ilə öndə olub. Beləliklə, Dövlət Baxçalının Şuşada məktəb tikmək təklifi həm onun mərhum Türkeşin qoyduğu yolu davam etdirdiyini, həm də Türkiyənin milliyətçi kəsiminin hər zaman olduğu kimi bu gün də “Bir millət iki dövlət” prinsipinə sadiq qaldığını bir daha təsdiqləyir.

Pərviz Həşimli
Gununsesi.info