Universitetə qəbul olmamaq həyatın sonu deyil

  • Müəllif: Orxan
  • 31 Avqust 2026 13:25

İllərdir qəbul imtahanları başa çatandan sonra, demək olar ki, eyni xəbərlərlə qarşılaşırdıq: hansısa şagird universitetə qəbul ola bilmədiyi üçün həyatına son qoyub. Bu xəbərlərin hər biri cəmiyyət üçün ağır bir sual doğururdu. Bir imtahan, bir bal, bir universitet adı insan həyatından necə daha qiymətli ola bilər?

Belə hallarda çox vaxt barmaq valideynlərə tuşlanırdı. Uşağın üzərində illərlə qurulan təzyiq, “mütləq universitetə girməlisən” düşüncəsi, valideynin çəkdiyi əziyyətlərin övladın uğuru ilə ölçülməsi, “səni oxutmaq üçün nələr etmişəm” cümlələri…

Bütün bunlar uşağın gözündə imtahanı sadəcə imtahan olmaqdan çıxarıb həyatla ölüm arasındakı sərhədə çevirə bilirdi.

Halbuki universitetə qəbul olmaq həyatın məqsədi deyil. Sadəcə həyatın mümkün yollarından biridir.

Bu il isə qəribə bir sakitlik oldu. Ən azı, əvvəlki illərdə olduğu kimi, “universitetə qəbul ola bilmədi və intihar etdi” tipli xəbərləri oxumadıq. Bu, ilk baxışdan sadəcə bir xəbər çatışmazlığı kimi görünə bilər. Amma əslində bunun arxasında daha böyük və daha ümidverici bir dəyişiklik ola bilər.

Bəlkə də, cəmiyyət yavaş-yavaş anlayır ki, 600 bal 400 baldan, 400 bal 200 baldan, universitet isə universitetə qəbul ola bilməməkdən daha böyük bir həyat ölçüsü deyil.

Bəlkə valideynlər artıq övladlarının nəticəsini özlərinin uğur və ya uğursuzluğu kimi görməməyə başlayırlar. Bəlkə uşaqlar da anlayırlar ki, qəbul imtahanında uğursuzluq həyatın uğursuzluğu demək deyil. Bir il gecikmək, başqa ixtisas seçmək, yenidən hazırlaşmaq, peşə öyrənmək, işləmək, başqa ölkədə və ya başqa sahədə yol tapmaq mümkündür.

Çünki həyatın universitetdən daha çox qapısı var.

Əslində, uşağa verə biləcəyimiz ən vacib mesajlardan biri budur: “Sən imtahan nəticəndən ibarət deyilsən”.

Sən neçə bal toplamağından, hansı universitetə qəbul olmağından və ya ümumiyyətlə universitetə qəbul olub-olmamağından daha böyüksən. Bir nəticə sənin zəkana, xarakterinə, potensialına və gələcəyinə hökm verə bilməz.

Bəlkə də, bu il oxumadığımız o ağır xəbərlər bizə cəmiyyət olaraq kiçik, amma çox vacib bir şeyi xatırladır: uşaqların həyatını onların nəticələrindən üstün tutmaq lazımdır.

Universitetə girmək yaxşıdır. Təhsil almaq yaxşıdır. Arzulara çatmaq gözəldir. Amma bunların heç biri insan həyatından qiymətli deyil.

Bir imtahan bitir. Bir nəticə açıqlanır. Bir qapı bağlanırsa, başqası açıla bilər.

Amma həyatın özü bir dəfə verilir.

Və bəlkə də, cəmiyyət olaraq uşaqlara ən nəhayət bunu deməyi öyrənirik: “Qəbul olmadın? Eybi yoxdur. Yenə də səninləyik. Həyat davam edir”.

Bu, bir cəmiyyətin verə biləcəyi ən sağlam mesajlardan biridir.

Elmar

Gununsesi.info