
10 yaşlı Nərminin qətlində günahkar bilinən İlkin Süleymanova dövlət ittihamçısı 20 il iş istədi. Təəccübləndinizmi? Əminəm, yox. Çünki, bu məhkəmə illərdir davam etməsinə və ictimai müzakirələrə səbəb olmasına rəğmən nəticəsi əvvəldən bəlli olan məzhəkəni xatırladırdı. Məhkəmə istintaqı zamanı adı dəfələrlə çəkilən Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov və Tovuzun keçmiş polis rəisi Şirzad Əsgərov bir dəfə də olsun ifadə vermək üçün məhkəməyə gəlmədi.
Hakimin onlara gücü çatmadı. Və bu gün bizdən bu məhkəmənin ədalətli keçirildiyinə inanmağımızı istəyirlər. Niyə? Nə üçün inanmalıyam? Qılıncının dalı və qabağı kəsən Kamal Qılıcovu bir dəfə çağırıb dindirəydin, mən də inanaydım. Yeri gəlmişkən, Kamal Qılıcov Tərtər işində dövlətə xəyanətdə mühakimə edilən və sonradan bəraət alan hərbçilərimizə çıxarılmış saxta hökmləri Ali Məhkəmədə təsdiq etmiş üç hakimdən birinin – İlqar Qılıcovun qardaşıdır. Onun və sabiq polis rəisinin – Şirzad Əsgərovun əlində əsir- yesir qalan hakimin çıxardığı hökm inciməyin mənə ədalətli görünə bilməz. Arada bir körpənin qanı batdı.
Bu yazını 7 yaşlı daha bir uşağın öldürülməsindən doğan acı təəssüf hissləri altında yazıram. Uşaq idman zalında öldürülüb və onu öldürən Avropa çempionudur- Mehman Xəlilov. Hamı qəzəblidir. İçi özüm qarışıq çoxları ” çempion” a ölüm hökmü arzulayır. Bu adamın aqibəti aydındır ki, İlkin Süleymanov kimi olmayacaq. Çünki hadisə isti izlərlə açılıb, ortada video görüntülər var. Sadəcə, bu insidentdə də dövriyyəyə kənar adamlar girir. Daha doğrusu doğma. Uşağın anası cinayətin törədilməsində şübhəli bilinən şəxsin yanında rol alır.
Bəri başdan deyim ki, uşağın anasından ilk açıqlamasından gözüm su içməmişdi. Məsələn qadın müsahibə verir, balasının ölümündən danışır və məşqçidən sanki doğma adamı kimi bəhs edir. Elə anlaşılır ki, Mehman onun evində tez- tez mehman olurmuş. Üstəgəl, Mehmanın anasına oğlunun narkotik maddə qəbul etdiyini deyə biləcək qədər səmimi münasibətlərə malikdirlər.
Uşağın vəziyyəti ağırlaşanda da onu nədənsə xəstəxanaya yox, Mehmanla birlikdə evə gətiriblər. Ananın yataq otağına. Yəqin niyə deyəcəksiz. Əlbəttə, cinayətkarı ələ verməmək üçün. Elə ötən gün köhnə tanışımdan gələn zəng də şübhələrimdə haqlı olduğumu sübut etdi. Zəng edən tanışımın həyat yoldaşı polis əməkdaşıdır. Hadisə yerinə dərhal özünü çatdıran üç polisdən biri olub.
7 yaşlı uşağın cansız bədənini qucağına alanda bədənində dişlək izləri görüb. Özü də bir yox, bir neçə yerdə. Anasından soruşub ki, bu uşağı kim belə dişləyib. Qadın deyib ki, mən. Soruşub niyə? Deyib çox istədiyimdən.
O vaxt təbii ki, hələ video görüntülər ortaya çıxmamışdı və polis əməkdaşı ananın ciddi- cəhdlə uşağın döyülməsində Mehman Xəlilovun rolunu gizlətməyə çalışdığını sezib. Polisin həyat yoldaşı deyir ki, görüntülər sadəcə sosial şəbəkələrdə paylaşılanlardan ibarət deyil, uşağın pilləkənin altında dəhşətli döyülmə səhnələri var. Və bu elə ağır mənzərədir ki, keçmiş döyüşçü və 23 ilin polisi olan adam neçə gündür özünə gələ bilmir.
İşgəncələrin niyə məhz 7 yaşlı Fəridə yönəldiyini təbii ki, istintaq müəyyən edəcək. Bu uşaq nə bilib ki, belə şiddətə məruz qalıb? Niyə digər uşaqlar yox, məhz Fərid hədəf seçilib? Mehman Xəlilov 7 yaşlı körpədən nəyin qisasını alırdı? Avropa çempionu olmaq onu belə qudurğan davranışa sövq edib, yoxsa istifadə etdiyi tiryək?
Açığı mən həm ona, həm buna inanıram. Bir neçə gün əvvəl futbolçu Araz Abdullayev də bir yekəxana və tərbiyəsiz davranışı ilə müzakirə mövzusuna çevrilmişdi. Hansısa bir situasiyada bir yeniyetməni ” təpəni dağıdaram” deyə sinəsindən itələmişdi. Yeniyetmə görünür Tik Tok fenomeni imiş, canlı yayımda adamı biabır eləmişdi. Amma Araz Abdullayev də “Araz aşığından, Kür topuğundan” adamdır.
2013-cü ildə ” Porsche” markalı maşınla iki qadından birinin ölümünə, o birinin yaralanmasına səbəb olan hadisəni törədəndə ” Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlıqda qaldı. O vaxt həmkarlarımdan biri yazmışdı ki, Ronaldonun maşınından sürür, amma qol əvəzinə adam vurur.
Beləcə, adamyeyənlər ölkəsinə çevrilməkdəyik. Nə qədər ki, başımızı yox, ayağımızı və hər cür əzalarımızı işlədəcəyik, vəziyyət heç dəyişməyəcək.
Sonda uşağın anası üçün göz yaşı tökənlər. Övlad itirən ananın qınanmasını düzgün saymayanlar. Niyə bu qədər sadəlövhsüz? Mənim pişiyim o qadından daha yaxşı anadır. İnanın, zarafat etmirəm. Pişiyi olanlar bilər, onlar doğanda körpələrinin təhlükəsizliyinə sanki təminat istəyirlər.
Miyoldayır, səni körpələrin yanına aparır, gözlərini gözünə dikir, dili olsa danışacaqmış kimi hərəkətlər edirlər.
Bu ana isə narkotik qəbul etdiyini dediyi məşqçiyə uşağının taleyini tapşırır. Biz də onları Allaha tapşıraq.
Ləman Ələşrəfqızı
Xüsusi olaraq, Gununsesi.info üçün