Milli Məclisin deputatı Razi Nurullayev normadan artıq yağan yağışlar nəticəsində yaranan zərərlərlə bağlı fikirlərini açıqlayıb.
Gununsesi.info bildirir ki, deputat zərər görmüş vətəndaşlar üçün dövlət tərəfindən adekvat və ədalətli kompensasiyanın verilməsinin vacib olduğunu deyib:
“Bir çox ərazilərdə vətəndaşların evləri və təsərrüfatları ciddi zərər görüb. Açıq deməliyik ki, bir çox vətəndaş əmlakını sığorta etməyib, ya kifayət qədər məlumatlı olmayıb, ya da hesab edib ki, dövlət bu xərci özü ödəyəcək. Məhz buna görə də dövlət öz sosial məsuliyyətini aydın və qəti şəkildə yerinə yetirməlidir.
Eyni zamanda, reallığı düzgün qiymətləndirmək lazımdır. Bu zərərlərdə vətəndaş tək məsul deyil. İllərlə yığılıb-qalmış infrastruktur problemləri və idarəetmədəki boşluqlar vəziyyəti qaçılmaz edib”.
Deputat hesab edir ki, buna görə məsuliyyət yalnız fərdi deyil, aidiyyatı qurumların üzərində dədir.
“Vətəndaşa ziyanın real və ədalətli şəkildə ödənilməsi məsələsində tərəddüdə yer olmamalıdır”,-deyə Razi Nurullayev əlavə edib.
Şəbnəm










