Valyuta axının qarşısını almaq üçün quru sərhədləri bağlı saxlayırlar - EKSPERT

  • By admin
  • 12 Mart 2024 15:56

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan etsə də Azərbaycan hələ də karantin rejiminə sadiq qalmaqda davam edir. 

Baş nazir Əli Əsədovun ölkədə karantin rejiminin iyulun 1-ə qədər uzadılması ilə bağlı qərarı sosial şəbəkələrdə yenidən quru sərhədlər məsələsini gündəmə gətirib.

Əksər ekspertlər hesab edir ki, pandemiya adı ilə sərhədlərin bağlı saxlanılması ciddi arqument deyil.

Onu da bildirək ki, ABŞ Dövlət Departamenti özünün illik hesabatında quru sərhədlərin bağlı saxlanılmasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.

İqtisadçı Natiq Cəfərli Gununsesi.info-ya deyir ki, bizdə karantin rejiminin uzadılması bir tək sərhədə görədir: “Dünyada artıq karantin yoxdur. Azərbaycan hökuməti illər əvvəl karantin rejimi ilə bağlı qərar verərkən həmin protokollara istinad etmişdi. ÜST də çoxdan protokolları ləğv edib. Ona görə də hökumətinin israrla “karantin var” deməsi inandırıcı deyil”.

O hesab edir ki, sərhəddə məhdudiyyətin saxlanmasının əsas səbəblərdən biri ölkədən valyuta çıxışının qarşısını almaqdır: “Bu da çox yanlış bir yoldur və iqtisadi aktivliyə mənfi təsir göstərir. Rəsmi rəqəmlər də bunu sübut edir. Keçən il MDB məkanında Azərbaycan ümumi daxili məhsulu ən az artan ölkə oldu – bizdə ÜDM cəmi 1 faiz civarında artdı. Bunun səbəblərdən biri məhz quru sərhədlərin bağlı olmasıdır”.

 

Afət Abbasova

Gununsesi.info