Yeni Baş İdarə Qarabağda hansı işləri görəcək? – RƏSMİ

  • By admin
  • 13 Avqust 2021 14:17

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır. Bu barədə Prezident İlham Əliyev 2021-ci il 12 avqust tarixli “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, fərmana əsasən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiq edilib.

Bundan əlavə, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli fərmanına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə tikinti obyektlərinin tikintisi və istismarına icazələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında yaradılmış Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən veriləcək.

Komitə rəsmisinin sözlərinə görə, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini də müvəqqəti olaraq Baş İdarə həyata keçirəcək:

“Bununla yanaşı, dövlət başçısının 12 avqust 2021-ci il tarixli digər fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması haqqında qərar qəbul olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılacaq reyestrdə işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və onlarda baş verən dəyişikliklər barədə məlumatların uçotu qeyd ediləcək, bərpa və yenidənqurma işlərinin səmərəli təşkili məqsədilə tikililər üç kateqoriya üzrə yerləşdiriləcək.Sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan tikililər”.

Gununsesi.info