Yeni qərar ətin qiymətini necə tənzimləyəcək? – İqtisadçı AÇIQLADI

“Əvvəlki illəri nəzərə alsaq, 2019- cu ildən bu günə qədər ət istehsalında kommunal xərclər qalxıb bu da məhsulun maya qiymətinə birbaşa təsir edən amil idi. Hazırkı qərarla bu artımların qarşısını almaq mümkün olacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Xalid Kərimli hökümətin antiinfilyasiya qərarına münasibət olaraq bildirib.

Onun sözlərinə görə, bəzi heyvan sahibləri “baytarlıq pasportu”nu almaqdan yayınırdılar, bu qərar onlar üçün sevindiricidir:

“Qəbul edilən qərar 2 hissədən ibarətdir. Biri baytarlıq pasportunun ləğvidir. Hansı ki, heyvan ətinin 20 manat ucuzlaşmasına gətirib çıxaracaq. Digər isə dövlət rüsumunun ləğvidir. Bu isə qanuni şəkildə Milli Məclisə birinci oxunuş üçün göndərilib. Birinci qərarın qüvvəyə minməsi daha tez baş verəcək. Amma dövlət rüsumunun azaldılması prosesi isə bir qədər zaman alacaq. Çünki qanunun qüvvəyə minməsi ilə bağlı baş verəcək proseslər biraz zaman tələb edir. Həmçinin baytarlıq pasportunu böyük avroparklar, təsərrüfatlar ödəyirdi. Bu işlə fərdi, ev təsərrüfatı kimi məşğul olub bazara məhsul çıxaranlar isə baytarlıq pasportundan qaçırdılar.

Bu qərarla hər iki tərəfin hüquqları bərabərləşəcək”, – deyə qeyd edən X.Kərimli verilən qərarın heyvan əti satışında qiymətlərin sabit qalmasına böyük təsir göstərəcəyini bildirib.

Xatırladaq ki, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Gununsesi.info