“Yeni Rusiya” mifinin sonu - TƏHLİL

  • By admin
  • 08 Aprel 2022 16:51

“Yeni Rusiya” mifinin sonu

90-cı illərin əvvəllərində yaşlı bir qohumumuz hər dəfə qonağımız olanda pensiyasının azlığından şikayətlənirdi. Bir dəfə sözarası fəxrlə dedi ki, 1956-cı ildə Sovet qoşunları tərkibində Budapeştdə üsyanın yatırılmasında iştirak edib yaralansa da, indi onun bu xidmətləri nəzərə alınmır. Atamla mən 2-3 saat ona Budapeştdəki hərbi xidmətinin Bakıda 20 Yanvar qətliamı ilə eyni olduğunu izah etməyə çalışdıq. Uzun sürən mübahisəmizdən sonra pərt duruma düşdü, bir az da doluxsunub taleyindən şikayətləndi. Biz uşaqlıqdan ona baba deyirdik və bir az könlünü almağa çalışdım, onun durumu ilə bağlı şikayət məktubu yazacağıma söz verdim. Çox keçmədi şikayət məktubu və zənglər səmərə verdi, onun müalicəsi və əmək pensiyası ilə bağlı tədbir görüldü.

Bu olaydan təxminən 6-7 il keçdi və onun ölüm xəbərini alanda, əmim bizə yarı zarafatla dedi ki, 75 yaşlı adamın 50 il qürurla danışdığı hekayəsini puç çıxarmısız, ömrünün sonunda ona belə pərtlik yaşatmısız. O vaxt 20 yaşlarımda idim və doğrusu bu hissin nə demək olduğunu yaxşı dərk eləmirdim. İndi o qocanı yaxşı anlayıram.

Dünən bir videoda qoca ər-arvad Ukrayna əsgərlərini Rusiya əsgərləri ilə səhv salıb onları güləriz qarşılayır, Putinin adını çəkir və Sovet bayrağını gətirirlər. Əsgərlər Slava Ukrayna deyib sovet bayrağını tapdalayırlar. Qadın da deyir ki, bu bayraqdan ötrü mənim valideynlərim qanını axıdıb, onu qaldırın. Sonra əsgərlərin verdiyi ərzağı geri qaytarır. Belə qocaları Ukraynda əsasən seçki vaxtı görmüşəm. Onların səmimi şəkildə sovet nostalgiyası ilə yaşadığına şahid olmuşam. Seçki günü bülletendə Kommunist Partiyasını və ya onun namizədini axtarır, bəziləri isə Regionlar partiyasından ərzaq alaraq, onlara səs verirdilər.

Yuxarıdakı nümunələr 70 illik siyasi təbliğatın insanların həyatında, onların ictimai dünyagörüşündə oynadığı rolun acı nəticələridi. Tənqidə qapalı olan bu təbliğatın girovuna çevrilən bu insanlar həqiqətlə üzləşəndə geridə qalan ömürlərinin puç və məzmunsuz olmasına ya dözə bilmir, ya da bununla barışa bilmirlər.

Təsəvvür edin ki, belə bir ağır ictimai böhranı Rusiya cəmiyyətinə 22 il durmadan neoimperializm və neofaşizm aşılamış Putin yaşadacaq. Putin Ukrayanadakı müharibə ilə təkcə öz siyasi hakimiyyətini deyil, Rusiyanın hərbi gücünü, sosial-iqtisadi reallıqlarını və ən əsası “Yeni Rusiya” mifini gülünc vəziyyətə qoydu. Çoxumuz Rusiyada ağıri iqtisadi böhranın yaşanacağını, sosial narazılıqların artacağını gözləyirik. Məncə bunlardan daha ağırı Rusiya ictimai dünyagörüşündə onilliklər boyu davam edəcək böhran olacaq. Bu böhrandan qısa zaman içində qurtulmağın yeganə yolu özünütənqid və özünütəftişdir.

Hazırda Rusiyada minlərlə insan senzura və siyasi təqiblərə görə danışa bilmir, etirazını ifadə etməkdən çəkinir. Amma həbsi və təqibləri gözünə alaraq müharibə əleyhinə çıxan cəsarətli insanlar, o cümlədən Ukaynada döyüşməkdən imtina edən yüzlərlə hərbçi var. Və həmin insanlar müharibədən sonrakı dövrdə Rusiyanın vicdanını sorğulayan əsas adamlar olacaq. Rusiyanın nicatı məhz həmin insanlardan asılıdı. Əgər onlar uzunmüddət azlıqda qalarsa, Rusiya düşdüyü bəladan yaxın zamanda qurtula bilməyəcək.

Rusiyanın düşdüyü bu durum bizim kimi avtoritar rejimlərin idarə etdiyi ölkələr üçün dərs olmalıdı. Yalan və populist təbliğatla, siyasi ayrı-seçkilik, alternativ fikrə dözümsüzluk, dini və milli ehkamlarla, talançılıq və oğurluqla idarə olunan ölkənin sonu Rusiyadı. Və biz Rusiyanın təsir dairəsindən çıxmaq istəyiriksə, ilk öncə bu naqis adətlərdən imtina etməliyik.

Anar Məmmədli