Əli Əliyevin məhkəməsində qalmaqal - PARTİYA SƏDRİ ÇIXIŞDAN İMTİNA ETDİ

  • By admin
  • 22 Aprel 2022 18:11

Bu gün Bakı Apellyasiya məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin apellyasiya şikayəti üzrə ilkin baxış olub.

Apellyasiya şikayətinin verilməsinə səbəb aprelin 15-də Bakının Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətinin təmin edilməsi olub.

Vəkil Cavad Cavadov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz.

“Bu prinsip həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində öz əskini tapıb.

Əli Əliyev eyni əmələ görə qanunsuz da olsa Bakı şəhər Yasamal rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli və artıq qanuni qüvvəsini almış hökmü ilə məhkum edilib”- deyə, vəkil deyib.

O hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi ilkin baxış mərhələsində hazırkı işin icraatına xitam verməlidir.

Bugünkü prosesdə isə məhkəməyə gətirilən Əli Əliyev çıxışdan imtina edib.

Buna səbəb isə prosesə hüquq müdafiəçilərinin və jurnalistlərin məhkəmə zalına buraxılmaması olub.

Amerikanın Səsinin hadisə yerində olan müxbirinin məlumatına görə, məhkəmə zalına buraxılmayan hüquq müdafiəçiləri ilə polis arasında mübahisə yaranıb. Nəticədə prosesə qatılmaq istəyən Rüfət Səfərovu, güc tətbiq edərək, polis maşınına aparıblar.Rüfət Səfərov

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, bununla bağlı araşdırma aparılıb və Rüfət Səfərov sərbəst buraxılıb.

Öz növbəsində Rüfət Səfərov baş verənləri qanunsuzluq adlandırıb.