“Azərbaycanla Türkmənistan arasındakı digər çox mühüm və perspektivli istiqamət isə Azərbaycan–Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətdir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli deyib:
Avropa və Asiya arasında internet-kommunikasiya əlaqələrinin optimallaşdırılmasına xidmət edən bu layihənin həyata keçirilməsi Azərbaycanın Avropa və Asiya arasında təkcə nəqliyyat və enerji deyil, həm də rəqəmsal kontekstdə önəmli bir mərkəzə çevrilmə şansını artırır.
Bununla yanaşı iki ölkə arasında kimya, tekstil sənayesi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Görüşlərdə ölkələrimiz arasında təhsil, elm, mədəniyyət və incəsənət sahələrində fəal qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
İki ölkə arasında intensivləşmiş qarşılıqlı səfərlər və müzakirə olunan məsələlərin yeni məzmunu və əhatə dairəsi göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri yeni fazaya keçib və yüksəliş dövrünü yaşayır. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edilib və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirilib. İki ölkə birgə səylər nəticəsində yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətini daha da əlaqələndirmək barədə razılığa gəlib. Bu sahə həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.
Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli bu səfər və keçirilən görüşlər xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi”.
Deputat hesab edir ki, bu səfər ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək:
“Azərbaycan və Türkmənistanın Şərqlə Qərbi birləşdirən mühüm geostrateji mövqeyə malik olması və son vaxtlar dünyada gedən proseslər iki ölkə qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni imkanlar açıb. İki qardaş ölkənin iqtisadi əməkdaşlıq baxımından potensialının yüksək səviyyədə hərəkətə gətirilməsi regionumuzda geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bu isə təkcə Azərbaycan və Türkmənistan yox, həm də bütövlükdə Avrasiya regionunun inkişafına töhfə verəcək.
Azərbaycan–Türkmənistan əlaqələrinin genişlənməsi və dərinləşməsi həm Türk Dövlətlərinin əməkdaşlığının genişlənməsinə müsbət təsir edir, Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirir, həm də Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyasında Azərbaycanın rolunu və əhəmiyyətini daha da artırır”.
Şəbnəm










