Şuşadan qlobal informasiya gündəminə mesajlar veriləcək

“Bir neçə gün sonra Şuşa növbəti dəfə qlobal media ictimaiyyətinin diqqət mərkəzinə çevriləcək. İyulun 13-14-də keçiriləcək IV Şuşa Qlobal Media Forumu artıq təkcə Azərbaycanın deyil, dünyanın aparıcı media platformalarından biri kimi qəbul olunur. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, media rəhbərlərinin və ekspertlərin bir araya gəldiyi Forum qlobal informasiya gündəliyinin müzakirə edildiyi mühüm beynəlxalq məkana çevrilib”.

Gununsesi.info bildirir ki, bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib:

“Bundan əvvəlki forumlarda iştirak edən Prezident İlham Əliyev informasiya müharibələrinin müasir dövrün əsas çağırışlarından biri olduğunu vurğulayaraq, həqiqətin müdafiəsinin və dezinformasiyaya qarşı mübarizənin medianın ən mühüm vəzifələrindən olduğunu bildirib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan uzun illər ərzində qərəzli yanaşmalar və saxta narrativlərlə üzləşib və buna görə də obyektiv jurnalistika və peşəkar media fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə Forum müxtəlif baxışları və fərqli mövqeləri bir araya gətirən, media vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya töhfə verən vacib beynəlxalq platformadır.

Təsadüfi deyil ki, artıq Şuşa Qlobal Media Forumu dünyanın media xəritəsində özünəməxsus yer tutub və hər il beynəlxalq informasiya məkanının diqqətlə izlədiyi tədbirlərdən birinə çevrilir.

Bu gün informasiya axınının sürətləndiyi və saxta xəbərlərin sərhəd tanımadığı bir dövrdə

belə platformaların əhəmiyyəti daha da artır.

Bu mənada Şuşa Qlobal Media Forumu yalnız müzakirə meydanı deyil, həm də peşəkar həmrəyliyin və beynəlxalq media əməkdaşlığının formalaşdığı mühüm platformadır. Forum müxtəlif ölkələrin media nümayəndələri arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına və qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır.

Eyni zamanda, Şuşadan verilən mesajlar qlobal informasiya gündəminin formalaşmasına öz töhfəsini verir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın bu dialoqa ev sahibliyi etməsi isə tədbirə əlavə siyasi və mənəvi dəyər qazandırır”.

 

 

Gununsesi.info