33 il əvvəl Kəlbəcərin işğalı zamanı itkin düşmüş rayonun Zar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bahadur Kamalovun doğma kəndində dəfn mərasimi təşkil olunub.
Gununsesi.info-nun məlumatına görə, son 33 ildə rəsmi sənədlərdə itkin kimi qeydiyyatda olan Bahadur Kamalovun qalıqları bir neçə ay əvvəl Meydan çayı adlanan ərazidə aşkarlanıb.
Zar kəndində təşkil olunan dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Zar kəndinin sakinləri iştirak edib.
Mindən artıq insanın qatıldığı mərasimdə Bahadur Kamalovun kənd icra nümayəndəsi kimi fəaliyyəti və göstərdiyi xidmətlərdən bəhs olunub.

Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev deyib ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi xalqımızın bir neçə əsrlik tarixinin ən mühüm nailiyyətlərindən biridir.

Mərasimdə nitq söyləyən Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib ki, onlar dəfn mərasiminə toplaşsallar da, bu üzüntünün arxasında qürur görürlər: “Kədərli gün olduğu kimi həm də qürurlu gündür. Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edib və Kəlbəcərin Zar kənd sakinləri öz şəhidlərini məhz doğma torpaqlarında dəfn etmək imkanına nail olub”.

Zar Kənd sakini, Gununsesi.info portalının baş redaktoru Pərviz Həşimli şəhidə göstərdikləri ehtirama görə hər iki dövlət rəsmisinə kənd sakinləri adından təşəkkür edib.
Mərhumun hərbçi oğlu polkovnik Oktay Kamalov deyib ki, 33 il ata həsrətiylə yaşayıb:”Bu gün atamı öz doğma kəndində torpağa tapşırdıq. Ziyarət üçün yerimiz olacaq”.
Mərasimin sonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev yaylım atəşi altında Azərbaycanın üçrəngli bayrağını şəhidin hərbçi oğlu Oktay Kamalova təqdim edim edib.

Günay Mahirqızı
Gununsesi.info












