Siyavuş Novruzov: - Torpaqların 20 faizi yol və su kanallarına gedir

  • By Admin2
  • 10 İyul 2026 12:50

Torpaq sahələrinin birləşdirilməsi kənd təsərrüfatına yararlı ərazilərdən daha səmərəli istifadəyə imkan verəcək.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov müzakirələr zamanı deyib.

Deputat çıxışında 1992–1993-cü illərdə aqrar sahədə yaranmış vəziyyətə də toxunub.

Siyavuş Novruzov bildirib ki, Müsavat hakimiyyəti dövründə keçirilən kənd təsərrüfatı müşavirəsində o vaxtkı prezident fermerlərə “İstəyirsiniz məhsulu yığın, istəyirsiniz yığmayın, özünüz bilərsiniz” demişdi.

Onun sözlərinə görə, bunun nəticəsində bir il ərzində Azərbaycanda uzun illər ərzində formalaşdırılmış kolxoz və sovxozların əmlakı, mal-qarası, kənd təsərrüfatı texnikası və digər imkanları İrana satıldı, məhsul istehsal edən zavod və fabriklər isə darmadağın edildi.

Deputat bildirib ki, bu gün isə əsas məsələlərdən biri torpaq ehtiyatlarından səmərəli istifadə olunmasıdır.

“Dövlət torpaqları var, bələdiyyə torpaqları var. Özəl torpaqlarda isə təxminən torpaqların 20 faizi mülklər arasındakı yollar və su axınları üçün istifadə olunur. Yəni kənd təsərrüfatına yararlı torpaqların təxminən 20 faizi yollara və su kanallarına sərf edilir. Torpaqlar birləşdirildikdən sonra isə həmin ərazilərdən daha səmərəli istifadə etmək mümkün olacaq”, – deyə Siyavuş Novruzov vurğulayıb.

O əlavə edib ki, aqrar sahənin inkişafı üçün peşəkar kadr hazırlığı da xüsusi diqqətdə saxlanılmalıdır.

“Ən vacib məsələlərdən biri də bundan sonra kənd təsərrüfatı sahəsi üçün peşəkar kadrların hazırlanmasıdır. Bizim ali təhsil müəssisələri məhz bu istiqamətdə mütəxəssislərin hazırlanmasına tam hazır olmalıdır”, – deyə deputat bildirib.

Gununsesi.info