“30 il əvvəl qonşunun torpağını İŞĞAL etmişdik, indi ƏVƏZİNİ ödəyirik” - İrəvanlı Karen Xaçatryan

  • By admin
  • 14 İyun 2022 10:04

Ermənistanda Azərbaycana münasibətdə son 30 il ərzində təəccüblü hadisələr baş verir. 44 günlük müharibədən sonra keçirilən seçkilərdə məğlub olmuş Nikol Paşinyanı seçən ermənilər bununla daha müharibə istəmədiklərini göstərməklə yanaşı, bəziləri artıq əməli addımda da bunu sərgiləyir.

Revanşist qüvvələr qondarma “artsax”ın bayraq dedikləri “əski parçasını” İrəvan küçələrində nümayiş etdirəndə ermənilərin özləri buna qarşı çıxdı, “Fransa meydanı”nda “əski parçasını” parçaladılar, parlamentin tribunasına qoyulmasına qarşı çıxdılar, liftlərdə, digər yerlərdə “əski parçası”nın üzərini qaraladılar.

Onlar bununla yeni müharibə istəmədiklərini, Qarabağın onlar üçün əlavə problem olduğunu nümayiş etdirirlər. İrəvan sakini Karen Xaçatryan isə daha radikal addım atıb.

Gununsesi.info xəbər verir ki, K.Xaçatryan Ermənistanın “milli qəhrəmanı”, 1990-cı illərdə Qarabağdakı separatçıların “lideri” olmuş Leonid Azqaldyanın abidəsini təhqir edib.

Bu ilin aprel ayında baş verən hadisədən aylar sonra Xaçatryan “Hraparak” nəşrinin redaksiyasına gələrək, Azqaldyanın abidəsini niyə təhqir etdiyinin səbəblərini açıqlayıb:

“Heykəli sındırdım, yaxşı elədim. Bir daha deyirəm, Leonid Azqaldyanın heykəlini zədələdim, çünki xalqımız onun kimilərin ucbatından bu vəziyyətə düşüb. İstər 2020-ci ildə, istərsə 30 il ərzində çox qurban vermişik. Mən Nikol Paşinyana hörmət edirəm. Bu gün baş verənlərə görə onun heç bir günahı yoxdur. Günahkar 1988-ci ildə Leonid Azqaldyan başda olmaqla meydanda olanlar idi. 90-cı illərdə qonşu dövlətimizə qarşı mənasız quldur hücumu təşkil olundu. 30 ildir onların torpağını işğal etmişdik, indi də əvəzini ödəyirik. Mən ədalətin tərəfindəyəm, ədalətli olanları müdafiə edirəm. Erməni milləti hələ də o vətən xaini Azqaldyanın ucbatından əziyyət çəkir. Biz Azərbaycana niyə düşmənik, axı onlar bizə nə pislik edib? Torpaqlarını işğal etdilər, qətllər törətdilər, onlar bizə nə etdi? Nəhayət, torpaqlarını azad etdilər. Erməni millətinin satqınları Azərbaycan torpaqlarını işğal edib bizi pis vəziyyətə saldılar”, – İrəvan sakini açıq şəkildə bildirib.

O, Ermənistanda sabitliyi və ədaləti bərqərar etməsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib: “Ermənistanda yalnız Azərbaycan hüquq-mühafizə orqanları nizam-intizam yarada bilər. Paşinyan ədalətli insandır, imkan vermirlər ki, doğru olanı etsin. Hüquq-mühafizə orqanları ona qarşıdır. Mən deyəndə ki, Qarabağ Azərbaycana məxsusdur, qəzəblənirlər”.

Gununsesi.info