Lukoil ABŞ sanksiyalarından sonra xarici aktivlərini satır

Rusiyanın ən böyük özəl neft şirkəti Lukoil, ABŞ-ın bloklayıcı sanksiyalarının tətbiqindən sonra xarici aktivlərini satmaq qərarına gəlib. Şirkət hazırda Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, eləcə də Latın Amerikası və Afrikada neft yataqlarında paya sahibdir. Bundan başqa, Bolqarıstan, Rumıniya və Niderlandda neft emalı zavodlarına və Avropa İttifaqında yanacaqdoldurma şəbəkəsinə malikdir.

Ekspertlərin qiymətləndirməsinə görə, Lukoil-in xarici aktivləri təxminən 10 milyard dollar dəyərindədir, lakin sanksiyalar səbəbindən bu aktivlər 50–70% endirimlə satıla bilər.

ABŞ Maliyyə Nazirliyi şirkətlə əməliyyatların 21 noyabra qədər aparılmasına icazə verib. Lukoil zərurət yaranarsa, OFAC-lisenziyasının müddətinin uzadılması üçün müraciət edəcəyini açıqlayıb.

Xarici aktivlərin satış xəbəri fonunda Lukoil-in Moskva Birjasındakı səhmləri 7%-dən çox ucuzlaşıb. Ekspertlər bildirirlər ki, şirkət “dost olmayan ölkələrdə” aktivlərinin müsadirəsi riskindən qaçmağa çalışır və ABŞ, eləcə də Aİ-dəki aktivlərini sataraq MDB və Yaxın Şərqdəki törəmə şirkətlərini saxlamağı planlaşdırır.

Alfa Bank analitikləri isə Lukoil-in İraq, Qazaxıstan və Azərbaycandakı iri hasilat layihələrini satacağına şübhə ilə yanaşır. Onların fikrincə, xarici aktivlərin satışı şirkətin ümumi hasilatının və emal gücünün əhəmiyyətli azalmasına səbəb ola bilər.

Şəbnəm

Gununsesi.info