“Görüşlər sülhün əldə olunması istiqamətində atılan müsbət addımdır” -HƏRBİ EKSPERT

“Son il yarım ərzində Azərbaycan-Ermənistan sərhədində gərginlik və atəşkəsin pozulması ilə bağlı məlumatlara rast gəlmirik. Bu proseslər birbaşa olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması ilə əlaqəlidir”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“Təbii ki, uzun əsrlər boyu davam edən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və son 35 ildə baş verən silahlı münaqişəni yalnız sənədlər vasitəsilə tam həll etmək mümkün deyil”.

Ədalət Verdiyev vurğulayıb ki, ictimaiyyət nümayəndələrinin görüşləri bu proseslərə müsbət təsir göstərə bilər:

“Yetər ki, bu görüşlərdə iştirak edən şəxslər hər iki ölkənin ictimaiyyəti tərəfindən qəbul edilən insanlar olsunlar.

Yəni, bu şəxslər müəyyən görüşlərdən sonra ortaq nəticələr əldə edib onu ictimaiyyətə elan edəcəklər. İctimaiyyət də onlara etibar etməli, inanmalıdır ki, proseslərin növbəti mərhələsinə keçid mümkün olsun”.

Hərbi ekspert qeyd edib ki, istənilən halda, bu əlaqələr və görüşlər sülhün əldə olunması istiqamətində atılan müsbət addım kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, 2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib.

Bu səfər 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info