BDU-da keçirilən panel müzakirəsinə “Veysəloğlu”nun təmsilçisi moderatorluq edib

Bakı Dövlət Universiteti (BDU) və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Peşəkar gələcəyə doğru” adlı növbəti ixtisaslaşmış karyera sərgisi keçirilib. Sərgidə aqrar sahədə fəaliyyət göstərən 25 nüfuzlu şirkət tələbə və məzunlara öz vakansiyalarını təqdim edib. Tədbir aqrar sektorun inkişaf perspektivlərinin, əmək bazarının aktual tələblərinin və kadr hazırlığı məsələlərinin müzakirəsinə həsr edilib.

Karyera Sərgisi çərçivəsində “Aqrar sektorun dayanıqlı inkişafında dövlət xidmətlərinin rolu və universitet əməkdaşlığı” və “Aqrar əmək bazarının trendləri və özəl sektorun tələbləri” adlı iki panel müzakirə keçirilib. Tədbir çərçivəsində keçirilən panel müzakirələrində dövlət qurumlarının, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri iştirak ediblər. Müzakirələrdə aqrar sektorun dayanıqlı inkişafı, dövlət–universitet əməkdaşlığı və əmək bazarının dəyişən trendləri ilə bağlı mövzular diqqət mərkəzində olub.

Tədbirin “Aqrar əmək bazarının trendləri və özəl sektorun tələbləri” mövzusunda keçirilən  panelində Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorunun müşaviri, qida təhlükəsizliyi və texniki tənzimləmə üzrə ekspert Şəhla Yusifzadə moderatorluq edib.

Panel zamanı müasir əmək bazarında ixtisaslaşmanın, praktiki biliklərin və peşə bacarıqlarının əhəmiyyəti vurğulanıb. Çıxışlarda aqrar sahədə kadr hazırlığının bazar tələblərinə uyğunlaşdırılması, gənclərin peşəkar inkişafında universitet–özəl sektor əməkdaşlığının rolu xüsusi qeyd olunub.

Tədbir interaktiv formatda keçib və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.