Ərdoğanı hədələdiyi üçün həbs olunan jurnalist azadlığa buraxıldı

  • Müəllif: Ayshan
  • 29 Dekabr 2025 23:14

Türkiyədə Silivri Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Fatih Altaylı barəsində azadlığa buraxılma qərarı verilib.

Altaylı bu il iyunun 22-də “Türkiyə prezidentini hədələmə” iddiası ilə başlanan cinayət işi çərçivəsində həbs edilib.

Sonradan məhkəmə onu həmin ittiham üzrə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib və barəsindəki həbs qətimkan tədbirinin davam etməsinə qərar verib.

Gununsesi.info xəbər verir ki, jurnalistin vəkilləri qərardan yuxarı instansiyaya şikayət versələr də, əvvəlcə bu şikayətlər təmin olunmayıb. Lakin bu gün Bölgə Ədliyyə Məhkəməsi Fatih Altaylının azadlığa buraxılması barədə qərar çıxarıb.

Məhkəmədə müdafiə çıxışı edən jurnalist özünü günahsız saydığını bildirib və bəraət istəyib: o, “heç bir təşkilatın üzvü olmadığını, şiddətə çağırış və zorakılıqla əlaqəsinin bulunmadığını” vurğulayıb.

Altaylı həmçinin oxşar işlərdə daha sərt ifadələrə görə belə bəraət qərarlarının verildiyini xatırladıb.

Dövlət ittihamçısı isə yekun ittiham nitqini təkrarlayaraq, Fatih Altaylının 5 il və daha artıq müddətə azadlıqdan məhrum edilməsini və həbsdə saxlanılmasını tələb edib.

Məhkəmə əvvəlki qərarında jurnalisti “prezidenti hədələmə” maddəsi ilə 4 il 2 ay həbs cəzasına məhkum etmiş, həbsin davamına əsas kimi isə “qaçma ehtimalı”nı və “məhkəməyə nəzarət tədbirlərinin yetərli olmayacağı”nı göstərib.

Bölgə Ədliyyə Məhkəməsinin son qərarı ilə Altaylı barəsindəki bu həbs rejimi ləğv edilərək onun azadlığa buraxılması təmin olunub.

Gununsesi.info