Şagird çantalarının yüngülləşdirilməsi məsələsi gündəmdədir

  • By Admin2
  • 04 Mart 2026 10:17

Tədris proqramının ağır olması və bu səbəbdən dərs vəsaitlərinin, eləcə də onların komplektlərinin sayının çoxluğu, xüsusilə ibtidai sinif şagirdlərinin çantalarının həddindən artıq yüklənməsinə səbəb olur.

Gununsesi.info-nun xəbərinə görə, mütəxəssislər bildirirlər ki, bu hal uşaqların sağlamlıq vəziyyətinə və fiziki inkişafına mənfi təsir göstərə bilər.

Mövcud vəziyyət nəzərə alınaraq tədris proqramının optimallaşdırılması istiqamətində tədbirlərin görülməsi təklif olunur. Eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadənin təşviqi planlaşdırılır. Bununla yanaşı, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır.

Həmçinin şagirdlərin gündəlik istifadə etmədikləri dərs vəsaitlərini məktəbdə saxlaya bilmələri üçün xüsusi dolabların quraşdırılması məsələsinə də baxılır.

Qeyd edilir ki, bu addımların atılması şagirdlərin fiziki yükünün azaldılmasına, daha sağlam və rahat təhsil mühitinin formalaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edir. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info