Pensiyadakı artım açıqlandı — RƏSMİ

Azərbaycanda pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımlar rəqəmlərdə öz əksini tapmağa başlayıb. Cari ilin ilk üç ayı ərzində pensiya ödənişlərinə ayrılan vəsaitin həcmində ciddi artım müşahidə olunur ki, bu da birbaşa insanların aylıq gəlirlərinə təsir edib.

Gununsesi.info xəbər verir ki, bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz daha çox vəsait ayrılıb. Ümumilikdə 1 milyard 955 milyon manat vəsaitin yönəldildiyi bu sahədə artım məbləği 187 milyon manat təşkil edib.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, ilin əvvəlindən etibarən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu dəyişiklikdən sonra ölkə üzrə orta aylıq pensiyanın məbləği 594 manata yüksəlib. Yaşa görə pensiya alan vətəndaşlarda isə bu rəqəm artıq 632 manata çatıb.

Sənədləşmə və təyinat məsələlərində də rəqəmsallaşma sürətlənib. Belə ki, ilin ilk rübündə 11 min şəxsə pensiya təyinatı məhz elektron sistem üzərindən, heç bir yerə getmədən proaktiv qaydada həyata keçirilib. Ümumilikdə isə 2019-cu ildən bəri bu sistem sayəsində 190 min vətəndaşın pensiya təyinatı avtomatlaşdırılıb.

Yəni, dövlət tərəfindən pensiyalar həm artırılır, həm də artıq vətəndaşların pensiya hüququ yaranan kimi heç bir sənəd toplamadan onlayn qaydada təyinat həyata keçirilir.

 

Gununsesi.info