“Bu ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib. Orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, yarımadada maksimal temperatur mayın 13-də 32°C isti (Maştağa), bölgələrdə isə mayın 28-də 33°C isti (Kürdəmir) təşkil edib:
“Minimal temperatur isə Bakıda və Abşeron yarımadasında mayın 5-də 9°C isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə mayın 9-da 2°C şaxta (Şahdağ) olub.
N.Mahmudov onu da qeyd edib ki, may ayı ərzində ölkənin müxtəlif bölgələrində dolu hadisələri də qeydə alınıb:
“Dolu əsasən Bakı və Abşeron yarımadası, Gədəbəy, Şəmkir, Şuşa, Laçın, Qəbələ, Şəki, Qax, Balakən, Zaqatala, Yardımlı, Qusar, İsmayıllı, Ağstafa, Daşkəsən, Kəlbəcər və digər rayonlarda müşahidə olunub. Dolu dənələrinin diametri əksər hallarda 4–20 mm arasında dəyişib. Ən böyük dolu isə mayın 29-da Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərində qeydə alınıb, diametri 15–30 mm təşkil edib.
2026-cı ilin may ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 18 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib”.










