İqtisadçı Natiq Cəfərli Azərbaycanda turizm sahəsində müşahidə olunan azalma ilə bağlı fikirlərini bildirib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 280 milyon 754,7 min manat və ya 22,9 faiz azdır.
Cəfərli qeyd edib ki, hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər 32 faiz azalaraq 171 milyon 750,2 min manat təşkil edib. Turistlərin qidalanmaya yönəltdiyi vəsait isə 176 milyon 707 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalma deməkdir.
O, həmçinin bildirib ki, turizm zərfinin alınmasına çəkilən xərclər 19,8 faiz azalaraq 437,5 min manat, nəqliyyat vasitələrinin icarəsinə çəkilən xərclər 3 faiz azalaraq 1 milyon 466,5 min manat təşkil edib. İdman və əyləncə xidmətlərinə xərclər 0,7 faiz azalaraq 6 milyon 453,2 min manat, malların və hədiyyələrin alınmasına yönələn vəsait 4,9 faiz azalaraq 115 milyon 66 min manat olub. Digər istiqamətlər üzrə xərclər isə 20,1 faiz azalaraq 35 milyon 692,7 min manat təşkil edib.
Natiq Cəfərli bildirib ki, turizm sektorunun multiplikativ effekti var və bu sahədəki geriləmə bir sıra əlaqəli istiqamətlərə də təsir göstərir. O, quru sərhədlərinin bağlı qalması, rəqabətli mühitin formalaşmaması və turizmin təşviqi ilə bağlı hekayələrin yetərincə satılmamasını əsas problemlərdən biri kimi qiymətləndirib.











