Sosial şəbəkələrdə yeni video yayılıb. Video yeni olsa da, məsələ, mahiyyət əzəli problemdir. Yenə tikinti şirkəti, yenə razı salına bilinməyən vətəndaş və söküntü.
Ümumiyyətlə, tikinti aparılan binalarda insanların həyatı və təhlükəsizliyi “şans məsələsi” ola bilməz.
Son günlər yenidən yayılan videoda tikinti işçisinin sakin evdə olduğu halda mənzilə daxil olmağa çalışması təkcə etik problem deyil, həm də ciddi təhlükəsizlik və hüquq məsələsidir.
Ən narahatedici məqam isə budur ki, bu, ilk hadisə deyil. İllərdir oxşar görüntülər yayılır, insanlar şikayət edir, bəzən faciə son anda önlənir, bəzən isə bunun acı nəticələri yaşanır. Hər dəfə də hadisə “texniki səhv”, “ehtiyatsızlıq” və ya “anlaşılmazlıq” kimi təqdim olunur. Halbuki eyni səhv təkrar-təkrar baş verirsə, artıq onu təsadüf adlandırmaq olmaz. Bu, sistem problemidir.
Tikinti şirkətləri bilməlidirlər ki, insanların mənzili onların iş meydançasının davamı deyil. Orada ailələr yaşayır, uşaqlar var, yaşlı insanlar var. Bir yanlış addım insanın həyatına, sağlamlığına və psixoloji vəziyyətinə ağır zərbə vura bilər.
Bu cür hallara görə təkcə adi işçi deyil, tikintini həyata keçirən şirkət və təhlükəsizlik qaydalarına nəzarət etməli olan məsul şəxslər də cavabdehlik daşımalıdır.
Təhlükəsizlik qaydalarına əməl olunmursa, bunun hüquqi nəticəsi olmalıdır. Əks halda sabah daha ağır hadisə baş verəndə “araşdırılır” deməyin heç bir mənası qalmayacaq.
Cəmiyyət də belə görüntülərə adi xəbər kimi baxmamalıdır. Bu gün təhlükə başqasının pəncərəsində yaşanırsa, sabah bizim evimizin qapısında ola bilər. İnsan həyatı tikinti qrafikindən və ya görüləcək iş planından daha qiymətlidir.
Ən vacib sual isə budur: Bu qədər oxşar hadisədən sonra təhlükəsizlik tədbirləri niyə hələ də kağız üzərində qalır? Nə vaxta qədər faciə baş vermədən məsuliyyət hissi yaranmayacaq?
Elmar
Gununsesi.info











