Təhsil eksperti Etibar Əliyev görkəmli şəxsiyyətlərin dialoqlarının hər zaman böyük maraq doğurduğunu bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o qeyd edib ki, şəxsi kitabxanasında belə dialoqlara ayrıca yer ayırıb və imkan olduqca onları ictimaiyyətlə bölüşəcək.
Ekspert bu dəfə tarixçi Nial Ferqyusonun Henri Kissincer və Fərid Zəkəriyyə ilə söhbətində səsləndirdiyi fikirlərə diqqət çəkib.
Etibar Əliyevin sözlərinə görə, Ferqyuson İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmasına istinad edərək bildirib ki, Şanxaydan olan 15 yaşlı şagirdlər riyaziyyat üzrə 600 balla birinci yerdə qərarlaşıblar. ABŞ şagirdləri isə 487 balla 25-ci sırada yer alıb.
Buna baxmayaraq, Şanxaydakı yaşayış səviyyəsinin ABŞ-dan aşağı olduğunu vurğulayan Ferqyuson istedadın sosial vəziyyətdən tam asılı olmadığını qeyd edib.
O, həmçinin xatırladıb ki, İkinci Dünya müharibəsinə qədər ABŞ-da Nobel mükafatı laureatlarının sayı məhdud idi. Lakin nasist rejimindən qaçaraq ABŞ-a sığınan Avropa alimlərinin hesabına ölkənin fizika, kimya, tibb və fiziologiya sahələrində Nobel laureatlarının sayı dəfələrlə artdı.
Ferqyusonun fikirlərini bölüşən Etibar Əliyev bildirib ki, yoxsulluq yalnız nadir hallarda istedadların inkişafına mane olur.
Onun sözlərinə görə, istedadlı insanlar əlverişli mühit yarandıqda öz potensiallarını reallaşdırırlar. Bu baxımdan, ABŞ kollecləri və universitetləri elmə və təhsilə güclü motivasiya yaradır.
Ekspert ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın “Biz yoxsulluğa qarşı mübarizə apardıq, lakin yoxsulluq qalib gəldi” fikrini də xatırladaraq vurğulayıb ki, əsas məsələ yoxsul, lakin istedadlı gənclərin nüfuzlu təhsil müəssisələrinə cəlb edilməsidir.
Onun fikrincə, belə nümunələr digər gənclər üçün də stimul rolunu oynaya bilər.
Elmar
Gununsesi.info












