Fazil Mustafa: Xarici təsirlərin ideologiyaya çevrilməsinə yol verilməməlidir

“Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən, onun varlığını uca tutan kimə aydın deyil bu mesajlar? Dövlətimiz kənardan idarə olunan informasiya dronları ilə anbaan vurulur, indi dövlətimizi, onun dəyərlərini müdafiə etməyək? Başqa ölkələrin dini ideologiyasının təbliğatçıları çoxunuzun beyninizi yuya bilər, çoxunuz öz yaşam lüksunuzu pozmamaq üçün bu dövlətin vəzifəsini tutub onun maraqlarını qorumaqdan yayına bilərsiniz, qaragüruhçu zehniyyətin qarşısında milli diplomlarınızın, ziyalı titullarınızın, mandatlarınızın içində toz kimi gizlənə bilərsiniz, bizlər bunu bacarmayacağıq! Bu dövlətin varlığını qorumaq kimi bir missiyamız var, bu millətin adını ucaltmaq deyə bir hədəfimiz var”.

 Gununsesi.info bildirir ki, bu fikirləri deputat Fazil Mustafa deyib:

 “Bu dövlətin hüdudlarında keçirilən istənilən elmi konfransda, beynəlxalq tədbirdə, istənilən idman yarışında Azərbaycan himni səslənməlidir, Azərbaycanın üçrəngli bayrağına sayğı göstərilməlidir, Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsi anılmalıdır, İslam dininin müqəddəs kitabı və onun barışcıl mesajları baş tacı edilməlidir, Azərbaycanının milli havaları ilə meydana çıxmağa şərəf kimi baxılmalıdır! Əlbəttə, günümüzün reallığı, babalarınızın ənənəsi deyibən İslam dininin yanlış məzhəbçi, təriqətçi, sektaçı yorumunu hər kəs öz həyatında, evinin içində yaşaya bilər, hər kəs öz xaricdəki ağasına, şeyxinə, siyasi avtoritetinə, oğru avtoritetinə ürəyində bağlı ola bilər, hər kəs başqa din mənsubiyyətini, hətta dinsizliyini belə  bu məmləkətdə sərbəst yaşaya bilər, ancaq bunun ictimai-siyasi mühitimizə bir ideologiya kimi soxuşdurulmasına, dünyəvi dövlətin prinsiplərinin pozulmasına imkan tanımamalıyıq.

Diqqət yetirin, haradakı dünyəvi dövlət var, orada insanlar dinlərini də səmimi yaşayırlar. Haradakı istər xristian, istər islam, istər yəhudi, istərsə də buddist zehniyyət və güc hakimdir, orada inanc zorakılığı, din üzərindən mənasız savaşlar  yayğınlaşır. Bu tendensiyanı durdura bilməsək  dini-teokratik düşüncə babalarımızın qurduğu cümhuriyyət ideallarını sıradan çıxarıb Azərbaycanı ətrafımızdakı geriçi cəmiyyətlərə çevirə bilər.

Çevrəmizdəkilərin hansı xəstəliklərə yoluxduqlarına məgər görmürsünüz? Bu virusun necə yayıldığını məgər hiss etmirsiniz? Tək qalsam belə bu millət üçün, bu dövlət üçün  faydalı olanı söyləməyə, yazmağa davam edəcəyəm. Eşidiləcək, eşidilməyəcək, bunun heç bir fərq yoxdur. Məgər XIX əsrin tənha cəngavərləri Mirzə Fəthəlini, Seyyid Əzimi, Həsən bəy Zərdabini  zamanında kimsə eşidirdi? Unutmayın ki, bu göz bəbəyimiz olan bu cümhiriyyəti həyat idealı ancaq ağasının məzarını ziyarət etmək olan Məhəmmədhəsən əmilərin çoxluğu qurmayıb, az sayda  o tənha cəngavərləri eşidən məsuliyyətli düşüncə adamlarımız qurmuş. Yenə də və təəssüf ki, Məhəmmədhəsən əminin idealı Mirzə Fəthəlinin idealına güc göstərməyə çalışır və bunu da səssizliyimizlə seyr etməyə çalşırıq. Yenə də vətən xainlərinin şəbəkəsi bütün imkanları ilə üzərimizə hücuma keçir, yenə də bu dövlətin keyfini çıxaranların cınqırı çıxmır, ancaq əminəm ki, irəlidəki günlərdə bu təhlükə barədə xəbərlarlığımızı nəhayət ki, anlamağa başlayacaqlar”. 

 

Günay

Gununsesi.info