Güclü kənd təsərrüfatı güclü toxumdan başlayır - Vüqar İskəndərov

  • By Admin2
  • 10 İyul 2026 12:38

Azərbaycanda toxumçuluq sahəsində yeni qanunun qəbulunun aqrar islahatlara və ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcəyi bildirilib.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar İskəndərov “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hazırda ərzaq təhlükəsizliyi təkcə kənd təsərrüfatı deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilib. Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri və beynəlxalq bazarlarda baş verən proseslər göstərir ki, keyfiyyətli toxum fonduna malik olmaq dövlətlərin strateji üstünlüklərindən biridir.

Vüqar İskəndərov təmsil etdiyi Şəki rayonunun ölkənin ən böyük taxılçılıq bölgələrindən biri olduğunu xatırladaraq bildirib ki, bölgənin fermerləri yaxşı bilirlər ki, bol məhsulun əsası keyfiyyətli toxumdan başlayır.

“Bu qanun təkcə hüquqi sənəd deyil, həm də gələcək məhsuldarlığa, ərzaq təhlükəsizliyinə və kənd insanının rifahına qoyulan mühüm investisiyadır. Qanun layihəsinin özəl sektorun toxumçuluq sahəsinə daha fəal cəlb olunmasını təşviq etməsi, rəqabət mühitini gücləndirməsi və yerli toxum istehsalının genişlənməsinə şərait yaratması xüsusi əhəmiyyət daşıyır” – deyə o qeyd edib.

Deputat hesab edir ki, bunun nəticəsində ölkədən valyuta axınının qarşısı alınacaq, eyni zamanda Azərbaycanın gələcəkdə toxum ixracı potensialı da formalaşacaq.

“Güclü kənd təsərrüfatı güclü toxumdan başlayır. Güclü toxum isə güclü qanunvericilik tələb edir”, – deyə Vüqar İskəndərov bildirib.

Gununsesi.info