Ssenarist Əli Ucal Taleh Yüzbəyovun çəkdiyi reklam çarxı ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o qeyd edib ki, reklamı ilk izləyərkən onda xüsusi təəssürat yaratmayıb və videonu bəyənmədən, eyni zamanda tənqid etmədən keçib.
Əli Ucalın sözlərinə görə, diqqətini daha çox sonradan yaranan geniş ictimai rezonans cəlb edib.
Ssenarist hesab edir ki, sözügedən reklam Taleh Yüzbəyovun ən uğurlu işlərindən biri olmasa da, sosial şəbəkələrdə ona yönələn kəskin reaksiyalar nəticəsində ölkənin əsas müzakirə mövzularından birinə çevrilib.
Onun fikrincə, reklam silinsə belə, ətrafında yaranan müzakirələr məqsədinə çataraq geniş rezonans doğurub.
Əli Ucal həmçinin bildirib ki, reklam bəyənilməyə və ya tənqid olunmağa açıqdır. Bununla yanaşı, o, reklamda qadınlara qarşı təhqir xarakterli məqam görmədiyini və məsələnin linç kampaniyasına çevriləcək qədər ciddi olmadığını vurğulayıb.
Paylaşım müəllifi həmçinin Azərbaycanda fəaliyyət göstərən bəzi feminist qrupları tənqid edib.
O iddia edib ki, onların məqsədi qadın hüquqlarını müdafiə etməkdən çox, Taleh Yüzbəyovu hədəfə almaq və onun nüfuzuna zərbə vurmaq olub.
Əli Ucal bu yanaşmanın cəmiyyətə fayda vermədiyini bildirib.
Sonda ssenarist kişi və qadın fərq etmədən hər kəsə insan kimi yanaşdığını qeyd edib.
O, insanlıq və qarşılıqlı hörmət prinsiplərinin üstün tutulmasının vacibliyini vurğulayaraq, cəmiyyətdə qarşıdurma və linç mədəniyyətinin yolverilməz olduğunu ifadə edib.
Elmar










