Natiq Cəfərli: “Heyvan bazarlarını ləğv edib onlayn satışa keçid ənənələri aradan qaldıra bilər”

  • By Admin2
  • 15 İyul 2026 13:53

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) heyvan bazarlarının fəaliyyətinin tənzimlənməsi və gələcəkdə fiziki bazarlardan heyvan satış birjalarına keçidlə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı ekspert Natiq Cəfərli AQTA-nın bu yanaşmasını tənqid edərək bildirib ki, Azərbaycanda heyvan bazarları təkcə satış məkanı deyil, həm də uzun illər formalaşmış sosial-iqtisadi ənənənin bir hissəsidir.

Onun sözlərinə görə, kənd təsərrüfatı ilə məşğul olan insanlar heyvan bazarlarına yalnız satmaq üçün deyil, eyni zamanda gündəlik ehtiyaclarını qarşılamaq üçün gedirlər.

Natiq Cəfərli qeyd edib ki, fiziki heyvan bazarlarının tamamilə onlayn platformalarla əvəzlənməsi sadə fermerlər üçün əlavə çətinliklər yarada bilər:

“Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada iştirak edə biləcək? Bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq, çatdırılma necə təşkil olunacaq?”

Ekspert hesab edir ki, müasir texnologiyaların tətbiqi vacib olsa da, bu, mövcud ənənələri tamamilə aradan qaldırmaq hesabına həyata keçirilməməlidir.

“Bütün dünya ölkələrində inkişaf trayektoriyası ənənələrə söykənir. Ənənələr vacib amildir. Azərbaycanda da min illik bazar ənənələri var və həmin ənənələr bu gün də yaşayır”, – deyə Natiq Cəfərli vurğulayıb.

O bildirib ki, yeni sistemlərin tətbiqi zamanı fermerlərin real imkanları və kənd təsərrüfatı ilə məşğul olan insanların gündəlik fəaliyyəti nəzərə alınmalıdır.

“Ənənəsiz, keçmişə söykənməyən gələcək olmur”, – deyə Natiq Cəfərli fikrini yekunlaşdırıb.

Elmar

Gununsesi.info